Naftalanda Səfərbərlik Xidməti əməkdaşlarının peşə bayramı qeyd olunub - Foto

naftalanda-seferberlik-xidmeti-emekdaslarinin-pese-bayrami-qeyd-olunub
Oxunma sayı: 2894

Naftalan şəhərində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti əməkdaşlarının peşə bayramı münasibətilə tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, millət vəkili Anar Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy Rayon Şöbəsinin rəisi, polkovnik-leytenant Abidin Rüstəmov və şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.

Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə gül dəstələri düzərək dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildiriblər.

Daha sonra icra başçısı Vüqar Novruzov bildirib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasında əsas məqsəd ordu quruculuğu prosesinə əhəmiyyətli təkan vermək, çağırış və səfərbərlik resurslarını tənzimləyən mükəmməl mexanizmin yaradılmasıdır. Şəhər rəhbəri SHXÇDX-nin şəxsi heyətinə dövlətin, xalqın və Ali Baş Komandanın hər zaman etimadını doğrultmağa və üzərlərinə düşən məsul, şərəfli işlərində uğurlar arzulayıb.

Sonda Vətən müharibəsi dövründə arxa cəbhədə göstərdikləri fəallığa görə Naftalan Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Tural Məmmədov və nümayəndəliyin müavini Nicat Cəfərov SHXÇDX-nin rəisi, general-polkovnik Arzu Rəhimov tərəfindən fəxri fərman ilə təltif olunublar.