Naftalanda turistlərin rahatlığı üçün daha bir innovativ addım atılıb

naftalanda-turistlerin-rahatligi-ucun-daha-bir-innovativ-addim-atilib
Oxunma sayı: 1720

Naftalan Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə turistlərin rahatlığı üçün daha bir innovativ addım atılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Gözəl Naftalan” MMC-nin direktoru Həsən Əliyev məlumat verib.

O, bildirib ki, Naftalanın kurort şəhəri kimi keçmiş şöhrətini qaytarmasının və yeni məzmunda inkişaf etməsinin əsasını Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncamlar, qəbul edilən proqramlar və qarşıya qoyulan vəzifələrin icrası təşkil edir: “Bu gün Naftalanda turizmin inkişafı üçün əlverişli şərait yaradılıb. Hazırda şəhərdə geniş abadlıq-quruculuq işləri və müasir səviyyəli sanatoriyaların tikintisi davam etdirilir. Naftalan son illərdə beynəlxalq turizm mərkəzinə çevrilib.

2019-cu ildə kurort şəhərinə gələn turistlərin sayı əvvəlki illərlə müqayisədə artaraq 40 min nəfərədək çatıb. Onlardan 40 faizi xarici turistlərin payına düşür. Bu statistika müstəqillik illərində Naftalanda qeydə alınan ən yüksək göstəricidir”.

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzovun təşəbbüsü və şəhərdə fəaliyyət göstərən “Gözəl Naftalan” MMC-nin dəstəyi ilə şəhərə gələn turistlərin məmnunluğunu təmin etmək məqsədi ilə Azərbaycanda ilk dəfə “Naftalan 24/7” satıcısız pilot-layihə mağazasının təqdimatı keçirilib.

Həsən Əliyev qeyd edib ki, bu tip proyektlər artıq xaricdə bir neçə ölkədə mövcud olsa da, Azərbaycanda ilk dəfə Naftalan şəhərində həyata keçirilib: ““Naftalan 24/7” satıcısız pilot-layihə mağazasının açılması həm yerli sakinlərimiz, həm də xarici turistlər üçün maraqlı olacaq, onlar arasında rəğbət qazanacaq, ticarətdə insanlarımız üçün yeni bir addım və yeni konsept olacaq. Bu pilot-layihə “Ədalət-testi” kimi də adlandırıla bilər.

Mağazada müxtəlif məhsullarla bərabər, turistlərin Naftalana daha çox gəldiyini nəzərə alaraq onların daha çox ehtiyac duyduğu mallar da satışa çıxarılıb. “Naftalan məlhəmi” MMC-nin 20-yədək ilk tələbat malları - diş pastası, krem, yağ, şampun, sabun və digər mallar satışa çıxarılıb. Mağazanın uzun müddətli fəaliyyət göstərməsi və Naftalanın bir neçə yerində açılması nəzərdə tutulub”.