Nağıl kitabı

nagil-kitabi
Oxunma sayı: 1782


- Səmada çox olduz görünmür. Sabah hava buludlu olacaq deyəsən.

- Səmada çox olduz var. Amma biz görə bilmirik. Görmürsən şəhər necə işıqlıdır? Şəhərin işıqları ulduzları görməyimizə mane olur.

... Bir neçə gün əvvəl “Bakıtab”a (kitabevi) getmişdim. “Mənim ilk nağıllarım” adlı qeyri-adi bir kitabın satışı ilə bağlı Rasim Qaraca ilə qısa amma maraqlı bir söhbətimiz oldu. Bu kitabı necə sataq deyə fikir yürüdürdük. Rasim bəy dedi ki: “ Gürcüstanda bu kitabdan 5 mindən çox satıblar”. Rasim bəy bunu dedikdən sonra gülümsədim. Ağlımdan bu sual keçirdi: “Görəsən Azərbaycanda bu kitab heç olmasa min ədəd satılarmı?”. Bəy sanki ağlımdakıları oxuyurmuş kimi dedi “ Gürcülər oxuyan millətdir. Bizdə heç olmasa min kitab satılsa yaxşıdır.” Təxminən 5 milyon əhalisi olan Gürcüstanda kitab oxucusunun bizim ölkədəkindən çox olması həqiqətən utandırıcı haldır.

Rasim bəylə qısa söhbətdən sonra kitabı kimə sata biləcəyimi düşünməyə başladım. Xeyli düşünməli oldum. Çünki, tanıdıqlarımdan kitab oxuyan və ya uşağına nağıl kitabı alacağını düşündüyüm heç kim yadıma düşmürdü. Heç düşmədi də. Sonda belə bir nəticəyə gəldim ki, kimin uşağı varsa ona zəng edib, bəxtimi sınayım. Söhbəti çox uzatmaq istəmirəm. Zəng etdiyim 4 qohumumdan heç biri bu nağıl kitabına 15 manat vermək istəmədi. İş orasındadır ki, kitabın qiymətini deməmişdən çox həvəssiz idilər, dediklərimə qeyri-ciddi yanaşırdılar.

Son illərdə oxucu sayında artış olmadığını demək haqsızlıq olardı. Amma vəziyyət hələ də ağır olaraq qalır. Çox uzağa getmirəm. Sadəcə öz ətrafıma baxıram. Oxuduğum universitetdə tanıdığım 60-70 nəfərdən sadəcə (təxminən) 10 nəfəri kitab oxuyur. Bunun yarısı isə sadəcə dini ədəbiyyat oxuyur. Kiminsə dini ədəbiyyat oxumasına qarşı deyiləm və ya onlara yuxarıdan aşağıya baxmıram. Kifayət qədər dindar dostum da var. Amma şahid olduğum bir “müzakirədən”(sonradan mübahisəyə və az qala yumruq davasına çevrildi) sonra “dini ədəbiyyat oxuyuram” deyənlərə biraz şübhəylə yanaşıram. Çoxundan bu ifadəni eşidirəm: “Azərbaycanda şəriat qurulmalıdır.” Amma məsələnin yaxşı tərəfi də var. Ən azından oxuyurlar. Bəlkə də oxuduqca hər şey qaydasına düşəcək.

Bir dəfə Bakıda neçə daimi teatr tamaşaçısı olduğunu hesablamağa çalışmışdım. Təxmini hesabıma görə Bakıda maksimum 3000-3500 fəal teatr tamaşaçısı var. Bu nəticəyə necə gəldiyim elə də vacib deyil. Amma tapdığım nəticənin səhv olduğunu düşünmürəm. Hesablamanı olduqca sadə formada-sizlərə sual ünvanlamaqla da etmək olar: Siz heç teatra getmisiniz mi? Ətrafınızda neçə teatr həvəskarı tanıyırsınız?

Kitab oxuyanların sayını tapmaq daha çətindir. Çünki bir nəfərin aldığı kitabı minlərlə insan oxuya bilər. Mədəniyyətin bütün sahələri bir-biri ilə bağlı olduğundan belə bir nəticənin(tamaşaçı sayı) ümumi vəziyyətə ayna tutduğunu düşünürəm.

Baş verənlərə müsbət tərəfindən yanaşmaq və Azərbaycanın parlaq gələcəyinə inanmaq istəyirəm. Amma yeni teatr binalarının tikilmədiyi, üstəlik söküldüyü bir ölkədə gələcəyə ümidlə baxmaq çətinləşir. Gah Yuğ teatrını sökürlər, gay Qanun nəşriyyatını ələ salırlar. Nəticədə isə ölkənin 90 faizi Polat Alemdar və Recep İvediki özünə nümunə götürür.

P.S. Hər həftə olduğu kimi bu həftə sonunda da “Kim? Nə? Harada” oyununda iştirak etdim. Suallardan birinin cavabı Yusif Vəzir Çəmənzəminlinin “Studentlər” romanı idi. Yandakı masaların birindən belə bir cümlə eşitdim: ”Yusif Vəzir kimdi ala?”