Biz niyə səmimi ola bilmirik? Niyə bir cür düşünüb, başqa cür danışır və davranırıq? Bəlkə elə belə olmalıdır? Bəlkə təkcə biz yox, hamı belədir? Bəlkə sovet rejimi bizi korladı indi düzələ bilmirik? Bəlkə düzələ bilərik, düzəlmək istəmirik?
Suallar az deyil və erkən gəncliyimdə mənə çox təsir edən iki epizodu xatırlamaq lazım gələcək. Ali məktəbi yenicə bitirmiş və ədəb-ərkanla təyinat yerinə çalışmağa getmişdim. L. Brejnevin “triadası” (Kiçik torpaq, Xam torpaq, Dirçəliş) yenicə nəşr edilib yayılmışdı. Hamı bu kitabları oxumalı idi, tarix müəllimləri də birinci növbədə. “Kiçik torpaq”dan başladım və inanın mənə 10 dəfədən artıq oxudum. Adi xatirələrin təsviri idi. Amma axşam evə gəlirdim və görürdüm ki, tanınmış elm, ədəbiyyat, siyasət adamları TV-də bu balaca kitabdan danışır və mənim ağlıma gəlməyən şərhlər verirlər. Ertəsi gün yenə təkrar oxuyurdum, axşam evə gələndə TV-dən yeni interpretasiyalar eşidirdim. Özümdən bədgüman olmağa başlamışıdm, düşünürdüm ki, əsəri anlamayan bir adam varsa, o da mənəm və səbəb gerizəkalılıqdır. Daxili təlatümlər içində Bakıya elmi rəhbərimin yanına gəlmişdim. Soruşdu ki, nə oxuyursan. Dərhal dedim “triadanı”. Dişinin dibindən çıxanı mənə dedi. Dedi ay bala, get kitab oxu, əl çək bu mənasız-mənasız şeylərdən, yoxsa dissertasiyanı yaza bilməyəcəksən. Üzərimdən dağ götürüldü, ilk dəfə idi ki, tənələr mənə ləzzət etmişdi. (Haqq, ədalət nə qədər güclü imiş).
Aradan bir-neçə il keçmişdi. Günlərin bir günü ikinci həyat dərsimi aldım. Sahil bağında yenə elmi rəhbərimlə qarşılaşdım. Çox əsəbi idi. Soruşdum nə baş verib. Dedi filan şairin nənəsi rəhmətə gedib, yas yerindən gəlirəm, amma adam özü dəfnə gəlməmişdi. “Afrikada qaraların qanı axır, mənim ürəyimdən qara qanlar axır” yazır, burdan-bura da nənəsinin dəfninə gəlmir. Bu poeziyasının səmimiliyinə mən necə inanım?
İki hadisənin sonunda gəldiyim qənaət bu oldu ki, bundan sonra TV-də deyilənlərə, istənilən əsərə kritik yanaşacam.
Biri dərs deyir və dürüstlükdən danışır, dərs dediyi kəsin valideyninin cibinə soxulur; o biri namaz qılır, ibadətini bitirəndən sonra birinci işi kimisə aldatmaq olur; biri sevgi şeiri yazır, içi insana nifrətlə doludur; başqa birisi TV-də hamının əyri bildiyi və gördüyü nəyinsə dümdüz olduğunu israr edir.
Bütün bu davranışlar TV-yə, ibadətə və dindarlara, məktəbə və müəllimlərə, sənətə və sənət adamlarına, siyasətə və siyasət adamlarına vətəndaş inamını sarsıdır.
İnam və şübhə hər yerdə və hər zaman var. Amma bizdə deyəsən birinci çox sarsıyıb, ikinci isə əndazəni aşıb. O qədər aşıb ki, insanları bir-birinə bağlanmağa və millət olmağa qoymur.