"Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası naməlum şəhid məzarları ilə bağlı eksqumasiya və tibbi-genetik ekspertizasının aparılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət edib".
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib. Qeyd edilir ki, bununla əlaqədar, Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında Bakı şəhəri Birinci Şəhidlər Xiyabanında tanınmadan dəfn edilmiş 23, Bakı şəhəri İkinci Şəhidlər Xiyabanında isə 9 şəhid məzarından meyitin qəbirdən çıxarılmasına (ekshumasiya) dair 03 iyun 2021-ci il tarixdə Bakı hərbi məhkəməsi tərəfindən qərarlar qəbul edilib.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibbi kriminalistik ekspertin iştirakı ilə eksqumasiyanın keçirilməklə tibbi-genetik tədqiqat üçün müvafiq nümunələrin götürülməsi təmin edilib. Hazırda Respublika Hərbi Prokurorluğu və aidiyyati ərazi prokurorluqlarının iştirakı ilə zəruri tədbirlər həyata keçirilir.
Naməlum məzarlar Birinci Qarabağ müharibəsində şəhid olmuş şəxslərə aiddir.
İctimaiyyətə ətraflı məlumat veriləcək.
Son xəbərlər
Son Xəbərlər