“Nar” həssas təbəqələri diqqətdə saxlayır - Fotolar

nar-hessas-tebeqeleri-diqqetde-saxlayir
Oxunma sayı: 912

Ölkənin aparıcı şirkətlərinin həyata keçirdiyi sosial layihələr insanların sosial problemlərinin həllinə, rifah halının yaxşılaşmasına xidmət edir. Xüsusilə də konsepsiyanın cəmiyyətin həssas təbəqələrinin ehtiyaclarının həllinə yönəlməsi bu tip layihələrin əhəmiyyətini daha da artırır. İri şirkətlərin korporativ sosial məsuliyyət (KSM) layihələrinə dəstək olması onların humanizmini də nümayiş etdirir.

“Qafqazinfo” xəbər verir ki, “Azerfon” şirkəti korporativ sosial məsuliyyəti yalnız insanlar, təşkilatlar qarşısında deyil, ümumilikdə cəmiyyət qarşısında məsuliyyət  hesab edir və KSM strategiyası çərçivəsində götürdüyü sosial öhdəlikləri uğurla icra edir. “İnsanların sosial həyatında yararlı olmaq qürurvericidir!” sözlərini rəhbər tutan şirkət, ehtiyacı olan insanlara və həssas təbəqələrə yanaşmada humanizmi missiyaya çevirərək kimsəsiz, fiziki məhdudiyyətli şəxsləri diqqət və qayğısından kənar saxlamır. Mobil operatorun həyata keçirdiyi layihələrə həmçinin təhsil və maariflənmənin inkişafı, müsabiqələr, intellektual yarışlara dəstək, müxtəlif universitetlərlə əməkdaşlıq və onların təqaüd proqramında iştirakının təmin edilməsi də daxildir. Bundan başqa, idmanın təbliği, gənclərin sağlam həyat tərzi keçirməsi, cəmiyyətə inteqrasiyası, yeni qələbələrə həvəslənməsi və s. istiqamətlərdə həyata keçirdiyi müxtəlif sosial layihələr də bu sıradandır. Cəmiyyət üçün həssas olan məsələlərə önəm verməsi və bu sahədə həyata keçirdiyi layihələr  “Nar”a biznes mühitində və vətəndaş cəmiyyətində inam yaradıb.

Mobil operator cəmiyyətin etbarını qazanaraq uzunmüddətli və davamlı sosial layihələrə dəstək verir. Eşitmə və nitq məhdudiyyətli şəxsləri video zənglə təmin etməsi, autizmli uşaqlara dəstək olması, müxtəlif universitetlərin tələbələri üçün elan etdiyi təqaüd proqramları, gənclərin intellektual inkişafına töhfə verən “Breyn Rinq” yarışması, aztəminatlı ailələrdən olan uşaqlara qayğı göstərməsi, “Bilik Günü”nü kənd məktəbliləri ilə birgə qeyd etməsi, cəbhəyani zonada yerləşən bir sıra hərbi hissədə mobil danışıq nöqtəsi yaratması və bu qəbildən olan digər layihələri ilə “Nar”, ölkədə təhsil və idman sahəsinin inkişafına, sahibkarlıq mühitinin formalaşmasına, məşğulluq, mədəniyyət, incəsənət və digər sahələrə diqqətini yönəldir.

 “Nar”ın təşəbbüsü ilə təmənnasız həyata keçirilən “Təlim məktəbi” layihəsinin məqsədi eşitmə məhdudiyyətli gənclərin bilik və bacarıqlarını artırmaq və onların gələcək karyeralarına töhfə verməklə fiziki məhdudiyyətli şəxsləri cəmiyyətə qazandırmaqdır. Beləliklə, layihədə qarşıya qoyulan hədəflər  şirkətin korporativ sosial məsuliyyət strategiyasının vacib istiqamətlərindəndir.

Qeyd edək ki, 3 ildən çoxdur ki, eşitmə məhdudiyyətli insanlar üçün təşkil edilən təlimləri “Nar”, paytaxtla yanaşı, bölgələrdə də həyata keçirib. Mobil operator bu qəbildən olan sosial layihələri gələcəkdə də genişləndirməyi nəzərdə tutur.

“Karlara Dəstək” İctimai Birliyi ilə birgə reallaşan “Təlim məktəbi”nin bu ilki layihəsi isə dörd ay davam edib. Təlimdə ümumilikdə 45 nəfər iştirak edib və onlar təcrübəli mütəxəssislər tərəfindən aşpaz, şirniyyat ustası və motorçu ixtisaslarına yiyələniblər.

“Karlara Dəstək” İctimai Birliyinin sədri Kamran Abasov da “Təlim məktəbi”nin əhəmiyyətini yüksək qiymətləndirərək onu fiziki məhdudiyyətli şəxslərə yönəlmiş qayğı adlandırır: “Karlara Dəstək” İctimai Birliyinin yaranmasında əsas məqsəd eşitmə və nitq məhdudiyyətli insanların sosial rifahını yaxşılaşdırmaqdır. “Nar”ın dəstəyilə həyata keçirilən “Təlim məktəbi” layihəsi eşitmə məhdudiyyətli vətəndaşların istədikləri peşəyə yiyələnmələri və həmin ixtisas üzrə işlə təmin olunmasına böyük təkandır. Bu layihədə iştirak edənlər iş bacarıqlarını artırmaqla cəmiyyətimizə fayda verdiklərini hiss edəcəklər. Bu layihəni ərsəyə gətirən “Nar”a təşəkkür edirəm!”

Haqqında danışılan “Təlim Məktəbi” layihəsi mobil operatorun adının yenidən beynəlxalq arenada səslənməsinə səbəb oldu.

Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin ən əhəmiyyətli sosial layihələrini qiymətləndirən nüfuzlu müsabiqədə layihəni uğura aparan da heç şübhəsiz, onun humanist və nəcib xarakter daşımasıdır. Rusiyanın paytaxtı Moskvada ən yaxşı kommunikasiya və PR layihələrinin yarışdığı “Eventiada IPRA Golden World Awards 2019” müsabiqəsində “Nar”ın qalibiyyəti layihənin faydalılığı və aktuallığını göstərir. Nüfuzlu beynəlxalq müsabiqədə qaliblik “Nar” üçün yalnız KSM strategiyasının əhəmiyyətliliyini önə çıxarmadı, onu həm də beynəlxalq səviyyədə tanıtmağa xidmət etdi. Belə ki, müxtəlif istiqamətlər üzrə təqdim olunan çoxsaylı layihələr arasında “Nar”, “Təlim məktəbi” layihəsi ilə “Ən yaxşı KSM layihə” nominasiyasında birincilik qazanıb. “Təlim məktəbi” münsiflər heyəti tərəfindən yüksək standartlara, innovativ yanaşmaya, planlaşdırma və həyata keçirilmə keyfiyyətinə görə ən yaxşı kommunikasiya layihəsi kimi dəyərləndirilib. Sevindirici hal odur ki, “Nar”ın layihəsi “Volkswagen” və “Nestle” kimi nüfuzlu şirkətləri geridə qoyub.

Ölkəmizi təmsil edən ilk və yeganə şirkət kimi “Azerfon”un “Eventiada IPRA GWA” müsabiqəsinə qatılması və qalib gəlməsi Azərbaycan üçün həm çox önəmli, həm də qürürvericidir”- deyə beynəlxalq müsabiqədə münsiflər heyətinin üzvi kimi iştirak edən “Azərbaycan İctimaiyyətlə Əlaqələr Assosiasiyası” – APRA-nın sədri İlham Məmməzadə bildirib: “Bu müsabiqəyə hər il dünyanın bir çox ölkəsindən yüzlərlə layihələr təqdim edilir. Təşkilatçılar və beynəlxalq münsiflər heyəti tərəfindən layihələr ciddi şəkildə nəzərdən keçirilərək dəyərləndirilir. Bir daha “Nar”a  belə nəcib bir layihəni icra etdiklərinə və ölkəmizi beynəlxalq müsabiqədə layiqincə təmsil etdiklərinə görə təşəkkür edirəm”.

“Nar”ın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundov “Müştəriyönümlu mobil operator olaraq KSM strategiyamızın təməlində cəmiyyət üçün dəyər yaratmaq və insanların həyatında müsbət dəyişikliklərə səbəb olmaq dayanır”- deyir: “Təlim məktəbi” layihəsi ilə biz fiziki məhdudiyyətli insanların müxtəlif peşələrə yiyələnməsinə və cəmiyyətə inteqrasiyasına öz töhfəmizi veririk”.

Bu uğur isə “Nar”ın davamlı olaraq inkişaf etdirdiyi KSM strategiyasının ilk qalibiyyəti deyil. 2014-cü ildə Fransada keçirilmiş ənənəvi “Cannes Lions” festivalında “Nar Donor” layihəsinin “Gümüş Şir” (Silver Lion) mükafatına layiq görülməsi də bu silsilədə yer alıb. 

Beləliklə, “Nar” telekommunikasiya sahəsinə irihəcmli investisiyalar yatırmaqla yanaşı, əhəmiyyətli sosial layihələrini davam etdirməyi prioritet istiqamət hesab edir. Korporativ sosial məsuliyyət sosial problemlərin həlli istiqamətində ciddi cəhdlərdir ki, “Nar” bu yöndə fəaliyyətini uğurla davam etdirir. Sosial layihələrin əsas missiyası isə “Mən tək deyiləm” deyə həyat şəraitinin yaxşılaşmasına ehtiyacı olan insanların, həssas təbəqələrin inam və ümidini möhkəmləndirməkdir. Bu missiyanın öhdəsindən ləyaqətlə gələn “Nar”ın fəaliyyəti biznes mühiti üçün təkcə nümunə deyil, həm də  də örnəkdir.