Nar Mobile “Bakutel 2012” sərgisində ən son yeniliklərini təqdim edib

nar-mobile-bakutel-2012-sergisinde-en-son-yeniliklerini-teqdim-edib-
Oxunma sayı: 652

Nar Mobile mobil operatoru “İteca Caspian” şirkətinin keçirdiyi “Bakutel-2012” 18-ci Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisində iştirak edir. Mobil operator hər il olduğu kimi bu il də yeniliklərini və əldə etdiyi son yeniliklərini nümayiş etdirib.

“Qafqazinfo”nun məlumatına görə, sərginin ilk günü, açılış mərasimində iştirak edən prezident İlham Əliyev Nar Mobile-ın stendi ilə tanış olub. İlk dəfə olaraq, Nar Mobile tərəfindən OnAir ilə birgə təqdim edilən layihə çərçivəsində, artıq Azal-a məxsus təyyarələrdə səyahət edən sərnişinlərin tam mobil rabitə xidmətindən istifadə etməsi barədə məlumat verilib. Daha sonra, bu xidmətin başlanğıc rəmzi olan “İlk zəng” üçün mobil telefon ölkə başçısına təqdim edilib. Prezident Azal Hava Yollarının Bakı – Paris reysi ilə texniki məşqə gedən Olimpiya çempionumuzla telefon bağlantısı qurub və ona uğurlar arzu edib.

“Bu gün biz Nar Mobile şirkəti olaraq sayca beşinci dəfədir ki, Bakutel sərgisində iştirak edirik. Hər il olduğu kimi, bu il də biz yeniliklərimizi və əldə etdiyimiz ən son nailiyyətlərimizi nümayiş etdiririk. Son illər Azərbaycanın İKT sahəsin çox sürətlə irəliləyir və burada Nar Mobile şirkətinin özünə məxsus yeri var. Xatırladım ki, məhz biz Azərbaycana ilk dəfə olaraq 3G mobil rabitə xidmətini təklif etdik. Artıq isə təyyarələrdə mobil rabitə xidmətini göstərməyə hazırlaşırıq. Məhz bu kimi xidmətlərimiz bizi hər zaman innovativ şirkət olduğunu göstərir. Lakin bu son deyil, qarşıda dəyərli abunəçilərimizi daha maraqlı layihələr və xidmətlər gözləyir” – deyə Azerfon telekommunikasiya şirkətinin Biznesin İnkişafı və Kommunikasiyalar şöbəsinin İcraçı Direktoru Leyla Nəsrullayeva bildirib.

Qeyd edək ki, Nar Mobile “İteca Caspian” şirkətinin keçirdiyi bütün sərgilərin kommunikasiya tərəfdaşıdır.

Nigar Məmmədli