Remarkın “Lissabon gecəsi”ndə Şvars, mühacir həyatının çətinliklərindən danışarkən deyir: “Fransa vətənsizlərin narahat vətənidir.”
Dünyada narahat vətənlər çoxdu. O yerdə ki mühacir yaşayır, o yer ki müvəqqəti sığınacaqdı, narahat vətəndi ora.
Müvəqqəti sığınacaqlardan birinin-Şuşanın işğalının ildönümüdü...
Təzada baxın: ermənilər bu gün bayram edir, biz qəm içindəyik.
Bütün işğalçılar kimi ermənilər də öz vətənlərinə qovuşduqlarını iddia edir. Adam qanı bahasına işğal etdiyi vətənini gülüstana çevirməzmi? Gülüstana çevrilmir axı Qarabağ... Əksinə, cəhənnəmdi elə bil.
Şuşa, bayram ovqatında deyil. Bunu orda çəkilən videolardan, fotolardan da görmək olur. “Cənnət” dediyimiz Qarabağ cəhənnəmlik dönəmini yaşayır.
İnkişafdan qalan, xarabaya dönmüş o yerlər elə bil, ermənilər üçün müvəqqəti sığınacaqdı. Onlar gedəcəkləri günü gözləyir, bizsə ora qayıdacağımız günü...
Sanki işğal olunduğu tarixdən oralara insan nəfəsi dəymir... Əsirlikdən qayıdan adamı yalnız gözlərindən tanımaq olar. Qarabağ əsirlikdən dönən adam kimidi-havası və suyu gözləridi onun.
Belə edəcəkdilərsə niyə bu boyda qan tökdülər bəs?
İşğal tarixlərinin ildönümlərində fikirləşəydilər barı: bu yerlər onlarındısa, niyə qorxa-qorxa, bir ayaqlarını qaçaq qoyub yaşayırlar? Niyə doğma vətən kimi qəbul edə bilmirlər Qarabağı?
Bilirlər ki, nə vaxtsa tərk edəcəklər oraları. Bilirlər ki, narahat vətəndi yaşadıqları yer.
Ümid heç vaxt ölmür.
Ümid edək ki, Qarabağ yenidən bizim nəfəsimizlə qızınacaq...
Son xəbərlər
Son Xəbərlər