“Narazı qaldığım futbolçu yoxdur”

narazi-qaldigim-futbolcu-yoxdur
Oxunma sayı: 729

Topaz Premyer Liqasında 19-cu tura yekun vurulub. “Qafqazinfo” xəbər verir ki, “Xəzər Lənkəran” doğma arenada “Rəvan”la 0:0 bərabərə qalıb.

Lənkəran klubunun mərkəzi stadionundakı matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Elbrus Məmmədov heç-heçəni belə şərh edib: “Çox gərgin oyun keçdi. Baxımlı futbol alınmasa da... Bunun səbəbi var ki, ilk oyun idi. İlk oyun çox vaxt belə alınır. Bu oyundan əvvəl uşaqların fiziki durumu ilə bağlı ehtiyatlanırdım. Digər komandalara baxanda, fiziki durumda çox geri qalmışıq. Çalışacağıq ki, növbəti oyunlarda bu amili aradan götürək. Narazı qaldığım futbolçu yoxdu. Səhvlər var idi. Bilirdik ki, o səhvlər olacaq. Sadəcə, o səhvləri gələn oyunlarda təkrar etməyək”.

“Rəvan”ın baş məşqçisi Bəhmən Həsənov isə bunları deyib: “Qış fasiləsində heyətimizdə bir sıra dəyişikliklər olub. Məlum səbəblərdən klubu tərk edənlər oldu. Əvəzində bir neçə yeni oyunçu cəlb etmişik. "Xəzər Lənkəran" da bizimlə oxşar durumdadır. Amma onların gənclərdən ibarət komandası istənilən rəqib üçün başağrısı ola bilər. Ot örtüyü əlverişsiz olsa da, hər iki komanda əlindən gələni etdi. Təəssüf ki, qol vurmaq üçün əldə etdiyimiz şansları dəyərləndirə bilmədik”.