Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Nardaran hadisələri"nə görə təqsirləndirilən Taleh Bağırov, Fuad Qəhrəmanlə və digər 16 nəfərin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
"Qafqazinfo"nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə ilkin hazırlıq iclası keçirilir.
T.Bağırov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə), 28;214.2.1-ci (mütəşəkkil dəstə tərəfindən terrorçuluğa hazırlıq), 220-ci (kütləvi iğtişaşa çağırış), 228-ci (qanunsuz olaraq odlu silah daşıma), 278-ci (hakimiyyəti zorla ələ keçirmə və saxlama), 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birliklər yaratma) və digər maddələri ilə ittiham olunur. Ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu Rayon Məhkəməsinə göndərilib, barələrində müvafiq hökmlər çıxarılıb.
F. Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.
***
Məhkəmə prosesində təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Təqsirləndirilən Aqil İsmayılov və Cabbar Cabbarovun vəkilləri prosesdə iştirak etməyib. A.İsmayılov deyib ki, "Bandotdel"də ona işgəncə verilib: "Dövlət tərəfindən mənə verilən vəkil hüquqlarımı müdafiə etmək əvəzinə, onlara qoşulub məni təhqir edirdi".
Fuad Qəhrəmanlı hakimə etiraz etmədiyini deyib.
Hakim bildirib ki, vəkillərin hamısının prosesdə iştirak etmədiyi üçün hazırlıq iclası keçirilə bilməz. Məhkəmə prosesi saat 14-də davam etdiriləcək.
Cinayət işində 30 nəfər zərərçəkən, 70-ə yaxın şəxs şahid kimi tanınıb.
***
Fasilədən sonra məhkəmə prosesi davam etdirilib.
Təqsirləndirilən Şamil Abdullayevin vəkili vəsatət verərək onun barəsində ev dustaqlığı qərarı seçilməsini istəyib. Vəkil bildirib ki, Ş.Abdullayevin hadisə zamanı aldığı 3 güllə yarasından 2-si hələ də onun bədənində qalır.
Bundan sonra Taleh Bağırov vəsatət verərək Fuad Qəhrəmanlı haqda cinayət işinə xitam verilməsi və onun məhkəmə zalından azadlığa buraxılmasını istəyib.
Vəkil Yalçın Rzazadə təqsirləndirilən Fuad Qəhrəmanlı barəsində cinayət işinin ayrılması, istintaqa qaytarılması, xitam verilməsi, ev dustaqlığı seçilməsi üçün dəmir çərçivədən çıxarılaraq müdafiəçilərinin yanında əyləşməsi barəsə vəsatətlər verib.
Vəkil Nemət Kərimli vəsatət verərək Fuad Qəhrəmanlının cinayət işi üzrə verilən ekspert rəyinin, ekspert arayışının, statusu "like" edən şəxslərin şahidlər siyahısından adının çıxarılmasını istəyib.
Təqsirləndirilən Zakir Mustafayevin vəkili müdafiə etdiyi şəxs barəsində olan cinayət işinə xitam verilməsi və azadlığa buraxılması barədə vəsatət verib: "O, "Müsəlman Birliyi" Hərəkatının üzvü olmayıb. Sadəcə orda namaz qılıb. Hadisədən 1 ay sonra saxlanılıb. Özü Sabunçu Polis İdarəsinə gedib, orda tutub saxlayıblar".
Təqsirləndirilən Abbas Hüseynovun vəkili Fariz Namazlı müdafiə etdiyi şəxs barəsində olan cinayət işinin istintaqa qaytarılması barədə vəsatət verib: "Cinayət işində Abbas Hüseynovun yaşadığı evdən tapılan "nurçak" soyuq silah kimi tanınıb. "Nurçak" idman alətidir və mağazalarda satılır. Həmçinin, bu idman alətinin kimə məxsus olması barədə araşdırma aparılmayıb. Abbas Hüseynov deyir ki, "nurçak" qardaşının olub. O, ilkin ifadələrini işgəncə altında verib, buna görə də cinayət işindən çıxarılsın".
Vəsatətlər baxılmamış saxlanılıb.
Məhkəmə prosesi iyulun 22-də davam etdiriləcək.