Narkotik maddələri leqallaşdırın

narkotik-maddeleri-leqallasdirin
Oxunma sayı: 1574


Uzun-uzadı var-gəl edib başınızı ağrıtmayacam. Birbaşa mətləbə keçim. Yaxşı insanlar ağlınıza gələ biləcək hər pis əmələ haqq qazandıra bilirlər. Yəni bir adam istər narkoman, qumarbaz, oğru, əxlaqsız, qatil olsa belə ruhu təmiz insanlar onlara haqq qazandırmasalar da acımağın, başa düşməyin bir yolunu tapırlar. Çünki anlayırlar ki, heç kim pis və günahkar olaraq doğulmur. Adətən düşdüyü mühit onu o vəziyyətə gətirib çıxarır. Düzdür, bəzən olur ki, bu pis əməllər insanın öz xislətindən irəli gəlir. Bir az da çətinliklər, bərkə-boşa düşməklər onun özünü tapmasına, yəni pis insan olmasına rəvac verir. Amma məsələ burasındadır ki, sizin o pis insanlar dediyiniz əmələ sahib kəslər hər zaman mahir aktyorluq qabiliyyətinə malik olurlar. Ya da siz onları buna vadar edirsiniz. Aldadılmaq şirin gəlir. 

Bu günlərdə xəbərlərdən eşitdim ki, bu qara oğlan, Obamanı (Barak Obama) deyirəm narkotikanın leqallaşmasının leyhinədir. Yəni deyir ki, narkotik maddələrin satışı qanuniləşsin. “Mən də cavanlığımda marixuanadan istifadə etmişəm. Amma mən demirəm ki, narkotik maddə yaxşı şeydir, istifadə edin. Qızlarıma da bunun sağlamlığa zərərli və vaxt itkisi olduğunu söyləyirəm. Sadəcə qaçaqmalçılığın qarşısı alınsın deyə bunun qanuniləşməsinin tərəfdarıyam”- deyir. 

Ümumiyyətlə gəlin bir düşünək. Narkotik maddə insana nə bəxş edir ki, ondan asılı olurlar? Bəli, o insanın ac olduğu xoşbəxtlik hissi, güclülük, adrenalin hormonu yaradır. Amma normal düşüncəli insanlar bilirlər ki, yalan söyləməklə qazanılan xoşbəxtliyin ömrü nə qədərdirsə, narkotika ilə gələn xoşbəxtlik hissinin də təbiiliyi o qədərdir. Yəni normal insanlar süni olan hər şeydən uzaq qaçırlar, eynən saxta xoşbəxlik verən narkotika kimi. İndi bəlkə də aranızda “Bu aktual problemdirmi ki?”- deyə düşünənlər var. Bizdə narkotika istifadəçiləri çox azdır deyə düşünürlər. Amma statistika belə demir. Elə bu səbəbə görə tərəfdarıyam ki, bu əməllərinə görə xarakterinə bələd olmadan pis adam dediyiniz insanların sayının nə qədər olduğunu görməniz üçün narkotika Azərbaycanda da qanuniləşdirilsin. Biz bütün günü azad seks, LGBT təşkilatların tərəfdarlığı, geylərin azad nigahı, gey inqilabı və s. deyə yazıb özümüzü paralayanda toplumun çoxluğunu təşkil edən konservativ adamlar, qara camaat anlamır ki, bu ən birinci onların xeyrinədir.  Avropanın Fransa, Hollandiya, Almaniya, İtaliya, Danimarka, İsveç və s. kimi ölkələrində geylərin, narkomanların, oğrular və s. hərəsinin toplaşdığı məhəllələr, məkanlar, küçələr var. Məhz onlara məxsus. Hamı da bilir ki, o məhəllələrdə yaşayanlar nə tipli insanlardır.

Məsələ burasındadır ki, Azərbaycan və Azərbaycan kimi ölkələrdə nə narkomanını, nə sizə görə fahişə kimi gördüyünüz azad seks tərəfdarını, nə də geyini tanımaq olmur. Yəni siz deyək ki, geyləri qəbul etməyən, onlara nifrət edən bir adam olsanız belə sabah hansısa bir geylə öpüşüb-görüşməməkdən özünüzü sığortalaya bilməzsiniz. Və ya bir narkomanla sevgili olmamaqdan, evlənməməkdən qoruna bilməzsiniz. Çünki onlara qarşı kəskin şəkildə pis münasibət göstərməklə özlərini bəlli etməyə imkan vermirsiniz. Biz deyirik ki, icazə verin, şərait yaradın azad seks tərəfdarı öz həyatını yaşasın, cəmiyyətin basqısı və tabulara görə sizə özünü başqa cür göstərməsin ki, siz də bilmədən hymenoplasti əməliyyatı olunmuş bir xanımı pirinsiplərinizə tərs olaraq bakirə qız adı altında özünüzə həyat yoldaşı seçməyəsiniz. Və ya əgər geyləri qəbul etmirsinizsə, onları tanıyıb eyni məkanı bölüşməyəsiniz. İndi bu qara oğlan da demək istəyir ki, özünüzü nədən qorumaq istəyirsinizsə, onu qanuniləşdirin. Qanuniləşdirin ki, azadlıqları olsun. Azadlıqları olduğu halda heç kim gördüyü işi, əsl özünü gizlətməyəcək. Nədən qorunmaq istəyirsinizsə ona azadlıq verin. Xəmirin ağzını nə qədər bərk bağlasanız, bürüb-büksəniz o qədər tez acıyacaq.