Narkotik qəbul etdiyi deyilən uşaqla bağlı - Rəsmi açıqlama

narkotik-qebul-etdiyi-deyilen-usaqla-bagli
Oxunma sayı: 3020

Sosial şəbəkələrdə Bakıda azyaşlının narkotik maddə qəbul etməsinə dair iddialar yayılıb.

“Qafqazinfo” xəbər verir ki, həmin uşağın “Nizami” metrostansiyasının girişində ac və halsız vəziyyətdə yatdığı bildirilib. İddialara görə, uşağın bədənində döyülmə izləri də olub.

Məsələyə dair açıqlama verən DİN Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev faktla bağlı araşdırma aparıldığını və azyaşlının narkotik vasitə istifadəsinə dair iddiaların əsassız olduğunu bildirib: “Həmin azyaşlı anasının yanındadır. Onlar barəsində dəfələrlə profilaktik tədbirlər görülüb. Sığınacağa yerləşdirilməsi təklif olunsa da, o, bundan qəti imtina edib. Həmin uşaq və anası xroniki xəstəlikdən əziyyət çəkirlər. Ana və azyaşlı uşağın qanunvericiliyə uyğun olaraq, aidiyyəti qurumlar məlumatlandırılmaqla müvafiq xəstəxanaya yerləşdirilməsi, eləcə də həyat və sağlamlıqlarının nəzarətə götürülməsi istiqamətində tədbirlər görüləcək. Hazırda bu istiqamətdə ərazi polis orqanına müvafiq göstərişlər verilib”.