Narkotikə görə saxlanılan şəxsin şöbədə halı pisləşdi, öldü - Yenilənib

narkotike-gore-saxlanilan-sexsin-sobede-hali-pislesdi-oldu
Oxunma sayı: 7436

Siyəzən rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılan şəxsin polis şöbəsində halı pisləşib və yerləşdirildiyi xəstəxanada vəfat edib.

DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev "Qafqazinfo"ya açıqlamasında bildirib ki, avqustun 2-də Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı narkotik vasitələrin alqı-satqısında şübhəli bilinən rayon sakini, 1990-cı il təvəllüdlü Tural İsmayılovdan metamfetamin aşkar olunaraq götürülüb: "Həmin şəxs Siyəzən RPŞ-yə gətirilib. Dünən axşam saat 22 radələrində şöbədə onun halı pisləşib. Dərhal Siyəzən Regional Diaqnostika və Müalicə Mərkəzinə aparılıb, orada vəfat edib". 

Faktla bağlı Siyəzən rayon prokurorluğunda araşdırma aparılır. 

Qeyd edək ki, T. İsmayılovun narkotik vasitələrin aludəçisi olduğu bildirilir.

***

Məsələ ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi açıqlama yayıb.   

Qeyd olunub ki, avqustun 2-də Siyəzən rayon Polis Şöbəsinin əməkdaşlarına daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin alqı-satqısında şübhəli bilinən rayon sakini 1990-cı il təvəllüdlü Tural İsmayılovun evində keçirilmiş axtarış zamanı 8 ədəd bükülüdə psixitrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.

Tural İsmayılov şübhəli şəxs qismində tutularaq saxlanılması üçün Siyəzən RPŞ-nin Müvəqqəti Saxlama Yerinə təhvil verilib. Həmin gün saat 22 radələrində onun səhhəti saxlanıldığı MSY-də qəfildən pisləşdiyindən polis əməkdaşları tərəfindən o, dərhal Siyəzən Regional Diaqnostika və Müalicə Mərkəzinə yerləşdirilib, lakin həkimlərin səyinə baxmayaraq Tural İsmayılov orada ölüb.

Hazırda faktla bağlı Siyəzən rayon prokurorluğunda araşdırma aparılır. Tural İsmayılovla eyni və qonşu kameralarda saxlanılan şəxslərin və növbədə olan polis əməkdaşlarının izahatları alınıb, məhkəmə-tibb ekspertizası təyin edilib, hadisə yerinə və meyitə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər həyata keçirilib. Qeyd edilməlidir ki, ekspert tərəfindən keçirilmiş ilkin xarici müayinə zamanı meyit üzərində hər-hansı xəsarət aşkar edilməyib.

Araşdırmanın nəticəsindən asılı olaraq qanuni qərarın qəbul edilməsi təmin ediləcək.

Murad Əhməd