“Narkotiki ünvana qoyub şəklini iranlıya göndərirdim” - Video

narkotiki-unvana-qoyub-seklini-iranliya-gonderirdim
Oxunma sayı: 1507

Bakıda kokain və ekstazi həblərinin satışı ilə məşğul olan şəxs saxlanılıb.

DİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, əməliyyat zamanı Cinayət Məcəlləsinin 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma), 234.4.3 (külli miqdarda satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama), həmçinin 240-cı (güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi) maddələri ilə istintaqdan yayındığı üçün axtarışda olan Bərdə rayon sakini Nicat Əliyev tutulub.

Üzərinə baxış keçirilən zamanı Nicat Əliyevdən ümumi çəkisi 47,102 qram yüksək təsiredici xassəyə malik narkotik vasitə kokain, 247,540 qram psixotrop maddə olan metamfetamin, 386 ədəd çəkisi 66 qram olan ekstazi həbləri və 17 qrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Nicat Əliyev ifadəsində xarici ölkələrdən birinin şəxsiyyəti məlum olmayan vətəndaşı ilə sosial şəbəkələrdə tanış olduğunu və onun ölkəmizə göndərdiyi narkotik vasitələri satmaq məqsədi ilə əldə etdiyini etiraf edib: "İran vətəndaşı olan Tahir adlı şəxsdən alırdım. Əvvəl özüm narkotikdən istifadə edirdim. Sonra da o mənə təklif etdi ki, narkotikin yerləşdirildiyi ünvandan götürüb başqa bir ünvana qoyum. Buna görə min manat da pul verirdi. Qara Qarayevdən götürüb başqa bir yerə qoymalı idim, şəklini də çəkib iranlıya göndərdim. Birincini edib pulunu aldım. İkinci dəfə götürdüm, ünvana qoymaq istəyəndə saxlanıldım".

Aşkar edilən narkotik vasitələrin bükümlərə ayrılaraq qablaşdırılması bir daha saxlanılan şəxsin onların satışı ilə məşğul olduğunu deməyə əsas verir.

Nicat Əliyev barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Əldə edilən narkotik vasitələrin mənbəyinin və ölkəmizə gətirilmə yollarının aşkar edilməsi istiqamətində zəruri istintaq, eləcə də  əməliyyat-axtarış tədbirləri davam etdirilir.