Natiq Dağlaroğlunu bıçaqlayan şəxsin cəzası ağırlaşdırıldı

natiq-daglaroglunu-bicaqlayan-sexsin-cezasi-agirlasdirildi
Oxunma sayı: 3099

Ötən ilin iyulunda Bakıda yerləşən şadlıq evlərindən birində məşhur tamada, “Laçın” musiqi ansamblının rəhbəri Natiq Dağlaroğlunu bıçaqlayan Məmməd Hüseynovun cəzası ağırlaşdırılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində M.Hüseynovun hökmdən verdiyi şikayətə, həmçinin prokurorluğun protestinə baxılıb. Hakim Anar Tanrıverdiyevin sədrliyi ilə keçirilən prosesdə M.Hüseynovun şikayəti təmin edilməyib. Məhkəmə prokurorluğun protestini təmin edərək onun cəzasını 1 il artıraraq 4 il müddətinə həbs cəzasına məhkum edib.

Birinci instansiya məhkəməsində M.Hüseynovdan şikayətçi olmadığını və qarşı tərəflə barışdığını bildirən Natiq Dağlaroğlu apellyasiya məhkəməsindəki prosesdə iştirak etməyib.

Qeyd edək ki, toydan sonra qardaşı oğlunu şadlıq evindən götürməyə gedən 1987-ci il təvəllüdlü Məmməd Hüseynov orada Natiq Dağlaroğlu ilə mübahisə yaşayıb və münaqişə zəminində musiqiçini bıçaqlayıb. M.Hüseynov Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinib.