“Natiq Kərimovun həbsi şübhəlidir” - Razi Nurullyev

natiq-kerimovun-hebsi-subhelidir
Oxunma sayı: 2497

"Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimovun həbsini pisləyirəm. Onu gözəl insan, xeyirxah və vətənpərvər vətəndaş kimi tanımışam. Necə ola bilər ki, ömrünün ahıl yaşında o, başqa ölkələrin əleyhinə cəsusluq etsin?"

"Qafqazinfo" xəbər verir ki, bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Razi Nurullayev deyib. Sədr qeyd edib ki, Natiq Kərimovun Nardaran hadisələri səngidikdən sonra həbs edilməsi kifayət qədər şübhəli məsələdir: "Bu günə qədər niyə həbs olunmurdu? Niyə ona qarşı heç bir ittiham irəli sürülməyib? Nardaran hadisələri səngiyəndən sonra onun həbs edilməsi kifayət qədər şübhələr yaradır və elə bu şübhələri aradan qaldırmaq üçün ortaya sübut və dəlillər qoyulmalıdır. Natiq Kərimov niyə öz ölkəsinə qarşı xəyanət yolunu tutsun? Ola bilsin ki, bizim - demokratik və qərb düşüncəli müxalifətin xəyanət qavrayışı ilə hakimiyyətin xəyanət anlayışı fərqlidir. Əminəm ki, onun haqqında həbs-qəti imkan tədbirinin seçilməsi sərt cəzadır. Yeriməkdə belə çətinlik çəkən bir ağsaqqalın ev dustağlığında da qalması mümkündür. Niyə hakimiyyət opponentlərinə qarşı qanunun ən sərt maddələrini tətbiq edir? Belə humanizm olar?".

Nardaran məsələsini sakitləşdirmək məqbuldur, deyən R. Nurullayev əlavə edib ki, yenidən məsələlərin qızışdırılması cəmiyyətimiz üçün faydalı deyil: "Bir də ki, Nardaranda tez-tez silah-sursat aşkar edilir. Belə çıxır ki, Nardaran kəndi tam hərbiləşdirilmiş və silah-susrsatla dolu bir poliqon imiş. Bu da inandırıcı görünmür. İstənilən halda, cəmiyyətdə xeyli narahatlıq doğuran suallar var. Bu sullara dəlil və sübutlarla cavab verilməlidir ki, vətəndaşlarımız özlərini güvəndə hiss etsinlər. Natiq Kərimova tezliklə azadlıq arzulayıram. Nardaran camaatına isə səbr diləyirəm. İstənilən halda bütün məsələlər qanun çərçivəsində həll edilməlidir. İnanmaq istəyirəm ki, Nardaranlılar nəhayət ki, huzur və sakitçiliyə qovuşacaqlar".