NATO İraqdakı hərbçilərinin sayını 8 dəfə artırır

nato-iraqdaki-herbcilerinin-sayini-8-defe-artirir
Oxunma sayı: 802

“NATO indiki məqamda Əfqanıstandakı mövcudluğunun gələcəyi ilə bağlı bir qərara gəlməyib, lakin İraqdakı missiyanın genişləndirilməsini qərarlaşdırıb”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq NATO Müdafiə Nazirlərinin iclasından sonra təşkil olunan brifinqdə dilə gətirib.

Baş katib bildirilib ki, Əfqanıstan məsələsində bir çox çıxılmaz vəziyyət var və seçimlər asan deyil:

“Bu mərhələdə Əfqanıstandakı mövcudluğumuzun gələcəyi haqqında son qərarı vermədik. Ancaq mayın 1-i yaxınlaşarkən, NATO müttəfiqləri yaxın təmaslara və koordinasiyaya gələn həftələrdə davam edəcək”.

Son dönəmdə NATO-nun Əfqanıstanda əsgər sayını ciddi şəkildə azaltdığını xatırladan Stoltenberq hazırkı vəziyyətdə 10 min civarında NATO hərbçisinin böyük çoxluğunu ABŞ-ın deyil, daha çox avropalı NATO müttəfiqlərinin təmin etdiyini vurğulayıb.

“İraqı terrorla mübarizədə dəstəkləmək və İŞİD-in geri dönməsini əngəlləmək məqsədilə bu gün NATO-nun İraq missiyasının genişlənidirilməsini qərarlaşdırdıq. Missiyamız 500 nəfərdən 4000-ə qədər artırılacaq. Təlim fəaliyyətlərinə daha çox İraq qurumu ilə Bağdad xaricindəki bölgələr də daxil olacaq”, - baş katib əlavə edib.

Stoltenberq onu da vurğulayıb ki, İraqdakı missiyanın sayı mərhələli olaraq artırılacaq:

“NATO İraq hökumətinin tələbi ilə buradadır. Bu fəaliyyətlər İraqın suverenliyi və ərazi bütövlüyünə hörmət çərçivəsində davam etdirilməkdədir”.