NATO-nun baş katibi Azərbaycanla əməkdaşlıqdan danışdı

nato-nun-bas-katibi-azerbaycanla-emekdasliqdan-danisdi
Oxunma sayı: 764

2019-cu ilin 3-4 aprel tarixlərində Vaşinqton şəhərində NATO xarici işlər nazirlərinin növbəti iclası keçirilib. İclas NATO-nun 70-ci ildönümünə həsr edilib. 

XİN-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, NATO-nun baş katibi Yens Stoltenberq iclas çərçivəsində mətbuata verdiyi açıqlaması zamanı Azərbaycanın Alyansın yaxın tərəfdaşı olduğunu bildirib, ölkəmizin beynəlxalq sülh və təhlükəsizliyin bərqərar olunmasında NATO ilə sıx əməkdaşlıq etdiyini vurğulayıb.

Baş katib Azərbaycanın NATO-nun rəhbərliyi altında Əfqanıstanda həyata keçirilən “Qətiyyətli Dəstək” missiyasına əhəmiyyətli hərbi qüvvə və multimodal tranzit töhfəsi verdiyini diqqətə çatdırıb. O, ələlxüsus 2017-ci ildə fəaliyyətə başlamış Bakı-Tbilisi-Qars dəmir yolunun NATO üzv dövlətləri tərəfindən Əfqanıstana və geriyə daşımalar zamanı istifadə olunduğunu qeyd edərək, bu dəmir yolunun Alyansın “Qətiyyətli Dəstək” missiyasının uğuruna mühüm töhfə verdiyini vurğulayıb. 
 
Xatırladaq ki, Azərbaycan ilə NATO arasında tərəfdaşlığın əsası ulu öndər Heydər Əliyevin 4 may 1994-cü il tarixində Sülh Naminə Tərəfdaşlıq (SNT) Çərçivə Sənədinin imzalanması ilə qoyulub. Azərbaycan 2003-cü ildən başlayaraq NATO-nun Əfqanıstanda həyata keçirilən əməliyyatına töhfə verir. Hazırda Azərbaycanın 6 nəfər qərargah zabiti və 2 nəfər hərbi həkimolmaqla 120 nəfərlik heyəti Alyansın Əfqanıstandakı “Qətiyyətli Dəstək” missiyasının tərkibində xidmət edir.