“Navalnı işində alman xüsusi xidmət orqanlarının əli ola bilər”

navalni-isinde-alman-xususi-xidmet-orqanlarinin-eli-ola-biler
Oxunma sayı: 878

“Aleksandr Navalnının işində alman xüsusi xidmət orqanlarının əli ola bilər”.

“Qafqazinfo” “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə parlamentin aşağı palatasının mətbuat xidməti məlumat yayıb. Qeyd edilib ki, bu qənaətə Dövlət Dumasının sədri Vyaçeslav Volodin gəlib.

Onun sözlərinə görə, Navalnı ilə olan məsələ yeni antirusiya sanksiyaları tətbiq etmək və Belarusu qorumaq məqsədi ilə Rusiyanın hərəkətlərini əngəlləmək üçün bir təxribatdır.

V.Volodin bu yanaşmasını Avropa Parlamentinin Aİ-nin Moskva ilə münasibətlərini yenidən nəzərdən keçirməsi, beynəlxalq forumlardan Rusiyanın təcrid edilməsi, “Şimal Axını-2” qaz kəməri tikintisinin dayandırılması və Rusiya rəsmilərinə qarşı yeni sanksiyaların tətbiq olunması ilə bağlı tələbləri ilə əsaslandırıb.

“Əgər Qərb ölkələri üçün demokratiya, beynəlxalq hüquq və qanun kimi anlayışlar varsa, Avropa Parlamentində belə qərarlar qəbul edənlərə qarşı məsuliyyət tədbirləri görməlidirlər. Təklif edirəm, parlament çərçivəsində Bundestaq bir daha öz xüsusi xidmət orqanlarının və vəzifəli şəxslərin proseslərdə necə iştirak etdiyini müzakirə etsin”,- deyə Volodin qeyd edib.

O bildirib ki, alman deputatlar Navalnının mümkün zəhərlənməsində Almaniya xüsusi xidmət orqanlarının rolunu müəyyən etməlidirlər.

Xatırladaq ki, 20 avqustda Tomsk-Moskva uçuşu əsnasında Navalnının vəziyyətinin pisləşməsilə təyyarə Omsk şəhərinə təcili eniş etmiş, siyasətçi təcili yardımla Omsk 1 nömrəli xəstəxanasına aparılmışdı. 22 avqustda isə o, yaxınlarının tələbi ilə xüsusi təyyarə vasitəsilə Berlinin “Şarite” klinikasına köçürülmüşdü.

Sentyabrın 3-də Almaniya hökuməti Aleksey Navalnının səhhəti ilə bağlı rəsmi mətbuat açıqlaması yaymışdı. Bəyanatda rus siyasətçinin tərkibinə görə “Noviçok” qrupuna aid olan sinir iflicedici maddə ilə zəhərləndiyi qeyd olunmuşdu.