Navalnı Rusiyaya qayıdacağı tarixi açıqladı

Navalnı Rusiyaya qayıdacağı tarixi açıqladı
Oxunma sayı: 916

Rusiyanın müxalif siyasətçisi Aleksey Navalnı müalicə üçün yaşadığı Berlindən Rusiyaya qayıdacağını açıqlayıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat yayıb. Navalnı zəhərləndiyinə görə müalicə üçün xüsusi təcili yardım təyyarəsi ilə Almaniyaya köçürüldüyünü xatırladıb.

Daha sonra ölkəsinə qayıtmaq istədiyini vurğulayıb.

“Evə yanvarın 17-də qayıdacam”, -deyə siyasətçi bildirib.

Qeyd edək ki, Kremlin Mətbuat katibi Dmitri Peskov Navalnının Rusiyaya qayıtmaq qərarını verməkdə azad olduğunu açıqlamışdı.

Xatırladaq ki, 20 avqustda Tomsk-Moskva uçuşu əsnasında Navalnının vəziyyətinin pisləşməsilə təyyarə Omsk şəhərinə təcili eniş etmiş, siyasətçi təcili yardımla Omsk 1 nömrəli xəstəxanasına aparılmışdı. 22 avqustda isə o, yaxınlarının tələbi ilə xüsusi təyyarə vasitəsilə Berlinin “Şarite” klinikasına köçürülmüşdü.

Sentyabrın 3-də Almaniya hökuməti Aleksey Navalnının səhhəti ilə bağlı rəsmi mətbuat açıqlaması yaymışdı. Bəyanatda rus siyasətçinin tərkibinə görə “Noviçok” qrupuna aid olan sinir iflicedici maddə ilə zəhərləndiyi qeyd olunmuşdu.

Daha sonra onun nümunələri Fransa və İsveç laboratoriyalarında təkrar analiz olunmuş, “Noviçok”la zəhərləndiyi açıqlanmışdı.