Bu ilin fevralında vəfat edən rusiyalı müxalif siyasətçi Aleksey Navalnının qızı Darya ABŞ prezidentliyinə namizəd Kamala Harrisin seçki qərargahında işləməyə başlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Darya Navalnayanın “LinkedIn” sosial şəbəkəsində şəxsi hesabına istinadən Rusiya mediası yayıb.
Bildirilib ki, 23 yaşlı Darya artıq bir neçə aydır sözügedən qərargahda çalışır. Onun öhdəliklərinə isə könüllülərlə iş daxildir.
Xatırladaq ki, A.Navalnı bu il fevralın 16-da cəzaçəkmə müəssisəsində özünü pis hiss edib. Hadisə yerinə gələn həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Siyasətçinin tromb yaranması səbəbindən öldüyü ehtimal edilirdi. O, martın 1-i Moskvada dəfn olunub.
Onu da qeyd edək ki, ABŞ Prezidenti Co Bayden fevralın 23-də San-Fransiskoda Navalnının həyat yoldaşı Yuliya və qızı Darya ilə görüşüb. ABŞ lideri görüş zamanı onlara başsağlığı verib.