Naxçıvan dəhlizi Qazaxıstanın Türkiyə ilə ticarətini artıracaq

naxcivan-dehlizi-qazaxistanin-turkiye-ile-ticaretini-artiracaq
Oxunma sayı: 1196

Azərbaycanla Naxçıvanı birləşdirəcək Naxçıvan dəhlizi bölgə ölkələri qədər Türkiyə- Qazaxıstan ticarətini də artırma potensialına sahibdir.

“Qafqazinfo” xəbər verir ki, qazaxıstanlı iqtisadçı Saparbay Jubayev Anadolu Agentliyinə (AA) bildirib ki, yeni yaradılan Naxçıvan dəhlizi Orta Asiyanın geostrateji mövqeyini gücləndirəcək. O, Qazaxıstanın ərazi baxımından dünyanın ən böyük dənizə çıxışı olmayan ölkəsi olduğunu və ölkənin tranzit yolunun Naxçıvan dəhlizi ilə şaxələndirilə biləcəyinə diqqət çəkib.

Qazaxıstan və Azərbaycanın Xəzər dənizində qarşılıqlı yük gəmilərini qəbul etmək qabiliyyətinə malik limanlarına sahib olduqlarını qeyd edən Jubayev, “Beləliklə, yükləri Avropa və Çindən Rusiyaya və ya İrana ehtiyac duymadan öz aramızda birbaşa daşımaq imkanımız var”,- deyə qeyd edib.

Hazırda Qazaxıstanın Avropaya Rusiyanın üzərindən və Bakı-Tbilisi-Qars dəmir yolu ilə yük daşıdığını qeyd edən Jubayev bildirib:

“Naxçıvan dəhlizi ilə Türkiyə-Azərbaycan-Qazaxıstan qardaş ölkələr marşrutu yaradıla bilər. Beləliklə, Türkiyədən Orta Asiya və Çinə nəqliyyat asanlaşacaq. Bizim də Türkiyə üzərindən Aralıq dənizi və Avropya çıxışımız genişlənəcək. Ən əsası isə bu, türk dövlətləri arasında qarşılıqlı əlaqəni artıracaq”.

Jubayev qeyd edib ki, Çindən gələn avtomobil nəqliyyatı yüklərinin 50 faizi və dəmir yolu yüklərinin isə 10 faizi Qazaxıstan ərazisindən keçir. “Hazırda Çin, daha çox Avropaya Rusiya üzərindən mal nəql edir. Lakin bu vəziyyət Bakı-Tbilisi-Qars dəmir yoluna alternativ yolun açılması ilə dəyişə bilər”.

Jubayev əlavə edib ki, Naxçıvan dəhlizinin açılması bölgədəki turizm sektoruna əhəmiyyətli dərəcədə təsir göstərəcək.

Qazaxıstan İqtisadi Tədqiqatlar İnstitutu mütəxəssisi Madiyar Kenjebolat dəhlizin Qazaxıstan ilə Türkiyə arasındakı qarşılıqlı ticarətin artması üçün əhəmiyyətli fürsətlər təmin edə biləcəyini bildirib.

“Ölkəmizdəki Qazaxıstan-Türk müştərək müəssisələrinin sayı bu dəhliz vasitəsi ilə artırıla bilər. Türkiyədən gətirilən xammal ilə istehsal olunan məhsullar, Avrasiya İqtisadi Birliyi çərçivəsində vergidən azad şəkildə Rusiya bazarına çıxarılacaq. Eyni müəssisələr Qazaxıstan-Çin sərhədindəki Horgos Azad İqtisadi Bölgəsində də qurula bilər”,- deyə Kenjebolat qeyd edib.

Qazaxıstanlı maliyyə mütəxəssisi Sabit Rısbayev Naxçıvan dəhlizinin Qafqazdakı ölkələrə əhəmiyyətli bir üstünlük verəcəyinə diqqət çəkib: “Bu dəhlizlə tarixi İpək Yolu yenidən dirçələcək”.

Xatırladaq ki, Dağlıq Qarabağdakı 44 günlük müharibədən sonra Rusiya-Azərbaycan-Ermənistan arasındakı razılaşma çərçivəsində, Azərbaycan və Naxçıvanı birləşdirən Naxçıvan dəhlizinin yaradılması qərara alınmışdı.