May ayının 14-də Naxçıvan Muxtar Respublikası Şərur rayon Olimpiya İdman Kompleksində “Azərbaycan kəməri” uğrunda peşəkarlar arasında ikinci kikboks turniri keçirilib. Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnirdə “Qafqazinfo”nun əməkdaşları da iştirak edib.
Tədbir Gənclər və İdman Nazirliyi, Azərbaycan Kikboksinq və Naxçıvan Muxtar Respublikasının Şərq Döyüşü Sənəti Federasiyalarının birgə təşkilatçılığı ilə baş tutub.
Qarşılaşmalardan öncə Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev jurnalistlərin suallarını cavablandırıb. Federasiya prezidenti bildirib ki, turnirin keçirilməsində əsas məqsəd Azərbaycanda idmanın inkişafına, xüsusilə də kikboks idman növünün bölgələrimizdə təbliğ edilməsinə dəstək olmaqdır:

“Bu döyüş növü həm Azərbaycanda, həm də dünyada çox populyardır. Hazırda işğal altında olan 20% torpaqlarımızın azad olunması üçün sağlam əsgərlərə ehtiyac var. Bu səbəbdən bütün federasiyalar idmanda kütləvilik təşkil etməlidir. Biz də Kikboks Federasiyası olaraq bütün bölgələrimizdə idman növünü tətbiq edir, peşəkar yarışlar keçiririk. Şərur rayonunda keçirdiyimiz tədbirdə həm reytinq, həm də kəmər döyüşləri baş tutacaq. Bu turnirdə qalib olan idmançılarımız Azərbaycanı dünya arenalarında təmsil edəcək”.
Deputat onu da qeyd edib ki, hazırda Federasiyada 100-ə yaxın klub təmsil olunur. Ölkənin müxtəlif bölgələrində hər ay turnirlər təşkil olunduğu üçün peşəkar qarşılaşmalara çıxacaq idmançılar müəyyən qruplara bölünüb:
“Məsələn, gələn ay Sumqayıtda təşkil olunacaq reytinq döyüşlərində başqa kikboksçular yarışacaq. Ancaq kəmərin müdafiəsi üçün burada iştirak edən döyüşçü həmin qarşılaşmalarda növbəti dəfə rinqə çıxacaq. Məlumat üçün bildirim ki, döyüşçü Azərbaycan kəmərini üç dəfə müdafiə edib qalib gəldikdən sonra qazana bilər”.
Daha sonra çıxış edən vitse-prezidenti Səbuhi Rəcəb kikboks yarışının Naxçıvanda xüsusi çoşqu ilə qarşılandığını bildirib.
Dünya və Avropa çempionlarının da iştirak etdiyi turnirdə 7 çəki dərəcəsində 14 peşəkar idmançı döyüşüb. Həmin mübarizələrdən 5-i reytinq, 2-i isə kəmər müdafiəsi olub.

Döyüşlərin qalıbləri aşağıdakı kimi müəyyənləşib:
Reytinq döyüşlərinin qalibləri:
Rəvan Şəbiyev – 57 kq çəki dərəcəsində, Ruslan Musayev – 63.5 kq çəki dərəcəsində, Ruslan Əliyev – 63.5 kq çəki dərəcəsində, Rəhim Əliyev – 71 kq çəki dərəcəsində, Elnur Həmidov – 81 kq çəki dərəcəsində.
Kəmər müdafiəsi Elşad Ələsgərov 54 kq çəki dərəcəsində, Emil Mövsümzadə – 75 kq çəki dərəcəsində.
Fotolar Nuran Məmmədov












Son xəbərlər
Son Xəbərlər