Naxçıvanın Bakı nümayəndəliyində Bayraq Günü ilə bağlı tədbir

Naxçıvanın Bakı nümayəndəliyində Bayraq Günü ilə bağlı tədbir
Oxunma sayı: 634

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyində 9 noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar tədbir keçirilib.

“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, tədbirdə daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov çıxış edərək bayrağın xalqın, millətin varlığının sübutu, müstəqil dövlət qurmaq və ona sahib çıxmaq bacarığının əsas göstəricisi olduğunu deyib: 

“Bayraq həm də dövlətin və xalqın kimliyinin, apardığı azadlıq mübarizəsinin, təfəkkür və düşüncə tərzinin ən real ifadəsidir. Məhz bu baxımdan xalqımızın azadlığını, suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəni, milli kimliyini tərənnüm edən üçrəngli bayrağımız milli qürurumuzdur. Azərbaycanlı milli düşüncəsində bayrağa xüsusi münasibət tarixboyu özünü qabarıq göstərib. Bayraq daim xalqımızın milli mövcudluq nişanəsi sayılıb. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayraq xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncama əsasən, hər il ölkəmizdə 9 noyabr tarixi Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir. Ölkə başçısının bu Sərəncamı dövlət rəmzlərinə hörmət və ehtiramın ən bariz ifadəsidir”. 

O qeyd edib ki, üçrəngli bayrağımızın dövlət rəmzlərindən biri kimi qəbul edilərək ucaldılması Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf edir: 

“Fətəli xan Xoyskinin rəhbərlik etdiyi Azərbaycan Müvəqqəti Hökumətinin 1918-ci il 24 iyun tarixli qərarı ilə üzərində ağ aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli bayraq Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağı kimi qəbul olunmuşdur. 1918-ci il noyabrın 9-da isə Nazirlər Kabinetinin Bakıda keçirilən iclasında Fətəli xan Xoyski milli bayraq haqqında məruzə ilə çıxış etmişdir. Müzakirələrdən sonra yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq dövlət bayrağı kimi qəbul olunmuşdur.

1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsi və sovet hakimiyyətinin qurulması ilə üçrəngli bayrağımız 70 il yalnız ürəklərdə yaşamışdır. Azərbaycan Respublikasının üçrəngli bayrağı ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında məhz ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə qaldırılmışdır. Həmin sessiya Azərbaycan dövlətçiliyinin bərpası prosesinin həyata keçirilməsi ilə bağlı bir çox məsələlərin müzakirə olunması, ölkəmizi müstəqilliyə aparan yolda tarixi qərarların qəbul edilməsi ilə əlamətdar olmuşdur. Məhz ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə həmin sessiyada “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasının ali dövlət hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” tarixi qərarlar qəbul edilmişdir. “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” Qərara əsasən, müstəqilliyimizin əsas atributlarından olan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunmuşdur”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2014-cü il 22 avqust tarixdə imzaladığı “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” Sərəncamı bu baxımdan mühüm əhəmiyyət kəsb edir. 2014-cü il noyabrın 17-də “Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı haqqında” imzalanmış digər Sərəncama əsasən, hər il noyabrın 17-si qədim diyarda Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd olunmasını nəzərdə tutur. 

Tədbir digər çıxışlarla davam etdirilib.




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi