Nazim Babayev Avropa çempionu oldu

nazim-babayev-avropa-cempionu-oldu
Oxunma sayı: 642

Polşanın Bıdqoş şəhərində keçirilmiş 23 yaşadək idmançılar arasında atletika üzrə Avropa çempionatı başa çatıb. 

“Qafqazinfo”nun Apasport.az-a istinadən məlumatına görə, qitə birinciliyində Azərbaycan təmsilçisi də çempionluq sevinci yaşayıb.
 
Üç təkanla uzunluğa tullanmada yarışan Nazim Babayev bütün rəqiblərini qabaqlamağı bacarıb. O, 17.18 nəticə göstərərək qızıl medal qazanıb. Bu nəticə ilə milli atlet şəxsi rekordunu yeniləyib.
 
Finlandiyalı Simo Lipsanen ikinci, Almaniya təmsilçisi Maks Heb isə üçüncü olub.
 
Qitə miqyasında öz yaşıdları arasında hamıdan güclü olan Nazim böyüklərdə isə yalnız italiyalı Fabrizio Donatodan geri qalır.
 
Qeyd edək ki, Nazim Babayev 2015-ci ildə İsveçin Eskilstuna şəhərində yeniyetmələr arasında Avropa çempionatının qalibi olub. İdmançımız həmçinin bu il Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının da çempionudur.