“Qafqazinfo” xəbər verir ki, sualları cavablandırarkən dünyanın 50-dən çox ölkəsindən nüfuzlu dövlət xadiminin iştirak etdiyi forumun əhəmiyyətini xüsusi qeyd edən Nazim İbrahimov bildirib ki, ölkənin sürətli inkişafı, əhalinin sosial rifahının yüksəlməsi kimi amillər dünyanı narahat edən qlobal problemlərin məhz Bakı şəhərində müzakirə edilməsinin səbəbidir. “Azərbaycan Prezidentinin Forumda iştirak etməsi tədbirin ölkəmiz və dövlətimiz üçün nə qədər əhəmiyyətli olduğunu göstərir” deyə vurğulayan, Dövlət Komitəsinin sədri bildirib ki, iki gün ərzində dünyanı narahat edən bir çox qlobal problemləri müzakirə olunacaq, onun həlli yolları axtarılacaq və gələcəkdə Azərbaycan Respublikası da bu işdə öz töhfəsini verəcək.
N.İbrahimov qeyd edib ki, iki gün ərzində bir sıra problemlərlə yanaşı, müxtəlif regionlarda olan münaqişələrin müzakirə ediləcək. “Biz istəyirik ki, gələn qonaqlarımıza Azərbaycanda gedən proseslər haqqında daha ətraflı məlumat verək və müzakirə edək. Azərbaycanın qarşılaşdığı Dağlıq Qarabağ problemini, Azərbaycanda qaçqınların və məcburi köçkünlərin acınacaqlı vəziyyətini, Azərbaycana qarşı olan ikili standart məsələsini bir daha dünya ictimiayətinin diqqətinə çatdırmağa nail olaq. Güman edirəm ki, bu Forum bu işdə bizə çox yardımçı olacaq".
Dövlət Komitəsinin sədri həmçinin qeyd edib ki, bu il foruma gələnlərin bəziləri səmimi şəkildə etiraf ediblər ki, ötən il gələn zaman onlarda bir tərəddüd var idi: “Onlarda suallar yaranmışdı ki, hara gedirlər, niyə gedirlər. Ancaq indi o fikirlər yoxdur, gələn hər bir şəxs əmindir ki, həqiqətən də Bakı beynəlxalq mərkəzdir. Biz bu forumu hər il keçirməyi nəzərdə tuturuq. Növbəti illərdə keçiriləcək forumlar daha geniş olacaq, daha böyük auditoriyanı əhatə edəcək. Azərbaycan daha çox tanıdılacaq. Əsas odur ki, ətrafımızda bu qədər qlobal problemlərin olduğu bir vaxtda Azərbaycan stabil ölkə kimi bu problemlərinin həlli mərkəzinə çevrilib”.
Qeyd edək ki, II Qlobal Açıq Cəmiyyətlər Forumu sessiyalarla öz işini davam etdirir.
Son xəbərlər
Son Xəbərlər