Dünən İtaliya Prezidenti Sergio Mattarella Prezident Sarayında Nizami Gəncəvi Beynəlxalq Mərkəzin nümayəndə heyətini qəbul edib.
“Qafqazinfo” xəbər verir ki, qəbul mərasimi IV Qlobal Bakı Forumuna hazırlıq məqsədi daşıyan "Dinlərarası Dialoq Yolu ilə Radikallaşma və Ekstremizmə Cavab" mövzusunda Yüksək Səviyyəli Hazırlıq Görüşü çərçivəsində baş tutub.
Qəbulda iştirak edənlər sırasında Bolqarıstan Prezidenti Rosen Plevneliyev, Makedoniya Respublikasının Prezidenti Giorge İvanov, İSESKO-nun Baş direktoru Əbdüləziz Əl-Tuveyrci, İtaliya, Polşa, Xorvatiya, Andorra, Latviya,Ukrayna, Rumıniya, Moldova, Albaniya, Serbiya və Bolqarıstanın sabiq prezidentləri yer alıb.
Diasporla İş üzrə Dövlət Komitəsi sədri Nazim İbrahimov da qəbulda iştirak edib.
Mərasimdə nitq söyləyən İtaliya Prezidenti Sergio Mattarella müasir dünyada anti-tolerantlıq, zorakılıq, fərqlilərə qarşı nifrətə yer olmadığını qeyd edərək, daha yaxşı dünya üçün bu kimi qlobal problemlərin aradan qaldırılmasının zəruri olduğunu bildirib. Prezident Orta Şərqdə , Afrikanın bəzi ölkələrində dağıntılara, Avropanın bəzi şəhərlərində ölümlərə səbəb olan bu problemlərə qarşı mümkün olan bütün yollarla mübarizə aparmağın vacibliyini vurğulayıb. “Dinlərarası dialoq və hörmət birgə yaşayışın mühüm elementidir. Terrorizm həm də sivilizasiyalar alyansına ziddir” deyə İtaliya Prezidenti bildirib. Prezident sonda öz çıxışını dahi Azərbaycan şairi Nizami Gəncəvinin misraları ilə bitirib.
NGBM-in həmsədri, İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Sərageldin dünyada mövcud aktual məsələlərin müzakirəsi üçün bu görüşün yüksək əhəmiyyətə malik olduğunu bildirib.



Son xəbərlər
Son Xəbərlər