“İnkişaf və tənəzzül, inteqrasiya və özünütəcrid, bolluq ilə səfalət, əməkdaşlıq və rəqabət yan-yana irəliləyir. Bir tərəfdə təkamül, texnoloji və iqtisadi inkişaf, digər tərəfdə isə savaşlar, xəstəliklər və aclıq hökm sürür”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Ankarada XIII Səfirlər Konfransında çıxışı zamanı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
“Bir tərəfdən əməkdaşlığın sayı artarkən, digər tərəfdən de-inteqrasiya və özünütədric tendensiyaları davam edir. Bütün bu proseslər əslində beynəlxalq sistemdəki çalxalanma, məmnuniyyətsizlik və inamsızlıqları aydın formada göstərir. Eyni zamanda, mövcud beynəlxalq sistemin rəngarəngliyini ortaya çıxarır, işbirliyinin nə qədər əhəmiyyətli olduğunu isbat edir. Beynəlxalq sistemin bütün üzvlərinə vahid ölçüdə təsir edən bu dəyişikliklər və bəlkə də “sistematik böhran” dövrünü bəsləyən, fikir ayrılığı və beynəlxalq ədalətsizliyi artıran bir çox amillər vardır ki, onların bəzilərinə toxunmaq istərdim. İlk olaraq təəssüflə qeyd edim ki, son illərdə beynəlxalq hüquq və normaların həyata keçməsində ciddi çatışmazlıqlar müşahidə edirik. Beynəlxalq hüquq və normalara, qəbul olunan qərarlara zidd olaraq 30 il əraziləri işğal altında tutulan bir dövlətin təmsilçisi kimi deyə bilərəm ki, hüququn tətbiqindəki zəifliklər əslində mövcud beynəlxalq sistemə etimadı sarsıdan birinci və ən əsas amildir. Bu gün sadəcə bəzi güclərin maraqlarına xidmət edən, “selektiv tətbiqlə” beynəlxalq hüququn icrası, ayrı-seçkilik ciddi narahatlıq doğurur. Bunun fəsadları sadəcə haqları pozulan xalqlar deyil, böyük güclər də daxil olmaqla bütün sistem tərəfindən hiss edilir. Bu xüsusda, beynəlxalq hüquq və ədalətə inamı bərpa edərək beynəlxalq sistemdəki mövcud mexanizmlərin təsirinin artırılması, sistematik və struktur dəyişikliyinin astanasında olduğumuz bu dövrdə önəmli addımdır”, - deyə Bayramov qeyd edib.