Nazir bir neçə direktoru işdən çıxardı

nazir-bir-nece-direktoru-isden-cixardi
Oxunma sayı: 641

Kənd Təsərrüfatı Nazirliyində (KTN) “Pambıq istehsalı və taxıl biçininə hazırlıq, habelə məhsul istehsalçılarının əsas və dövriyyə vəsaitləri ilə təminatı sahəsində “Aqrolizinq” ASC tərəfindən görülmüş işlər və qarşıda duran vəzifələr”ə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Nazirlikdən "Qafqazinfo"ya verilən məlumata görə, iclasda nazir Heydər Əsədov aqrar sahədə həyata keçirilən institutsional islahatlar, aqrar sektorda texniki və gübrə təminatının yaxşılaşdırılması, subsidiyanın verilmə mexanizminin təkmilləşdirilməsi və şəffalığın təmin olunması, aqrar sektora aid 100-dən artıq hüquqi normativ sənədin qəbul olunması, fermerlərin bazara çıxış imkanlarının, bacarıq və vərdişlərinin daha da artırılması, kadr təminatıının yaxşılaşdırılması və qarşıda duran hədəflər barədə geniş məlumat verib.

“Aqrolizinq” ASC-nin İdarə Heyətinin sədri Elşən Məmmədov Səhmdar Cəmiyyətin illik fəaliyyəti, o cümlədən 2016-cı ildə Səhmdar Cəmiyyət tərəfindən Avropanın qabaqcıl texnika istehsalçıları olan ölkələrindən ən müasir müxtəlif kənd təsərrüfatı texnikalarının, eləcə də pambıqçılıqda istifadə olunan yeni texnikaların alınıb respublikaya gətirilməsi və güzəştli şərtlərlə lizinq yolu ilə fermerlərə verilməsi, heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlər, gübrələrin güzəştli şərtlərlə məhsul istehsalçılarına verilməsi barədə danışıb.

O, "Aqrolizinq" ASC-nin bir sıra regional nümayəndəliklərinin rayon bölmələrində, o cümlədən Sabirabad, Saatlı, İmişli, Ağcabədi, Beyləqan, Bərdə, Ağsu, Şamaxı, Tərtər, Qəbələ, Ağdaş, Tovuz və Salyan rayon bölmələrində gübrələrin saxlanmasında, satışında, vəsaitlərin daxil olmasında, eyni zamanda qısa müddətli lizinqə verilən taxılyığan kombaynların, traktorların və digər kənd təsərrüfatı texnikalarının istifadəsindən vəsaitlərin daxil olmasında olan nöqsanlar və çatışmazlıqlar barədə məlumat verib.

Kollegiyada “Aqrolizinq” ASC-nin bir sıra rayon bölmələrinin fəaliyyəti dinlənilib.

Kollegiyada fəaliyyətində ciddi nöqsanlara yol verdiyinə görə “Aqrolizinq” ASC-nin Sabirabad  Regional Nümayəndəliyinin direktoru Şakir Həsənov,  Ağcabədi Regional Nümayəndəliyinin direktoru Atamoğlan Babayev, “Aqrolizinq” ASC-nin Ağsu rayon bölməsinin rəhbəri Tofiq Abdullayev və Şamaxı rayon bölməsinin rəhbəri Sərxan Fətullayev tutduqları vəzifədən azad olunub, fəaliyyətlərinin araşdırıldıqdan sonra daha ciddi ölçü götürüləcəyi, həmçinin Xaçmaz Regional Nümayəndəliyinin direktoruna, Səhmdar Cəmiyyətin Saatlı, Tovuz və Ağdaş rayon bölmələrinin rəhbərlərinə şiddətli töhmət, Qazax və İsmayıllı rayon bölmələrinin rəhbərlərinə töhmət verilmiş, fəaliyyətlərində dönüş yaratmadıqları təqdirdə daha ciddi tədbir görüləcəyi nəzərlərinə çatdırılıb.

Həmçinin “Aqrolizinq” ASC-nin sədri Elşən Məmmədova ciddi xəbərdarlıq, Səhmdar Cəmiyyətin Damazlıq heyvanların tədarükü, satışı və lizinqi şöbəsinin müdiri Kamil Şamilova isə şiddətli töhmət verilib.  

Kollegiyaya yekun vuran nazir Heydər Əsədov “Aqrolizinq” ASC-nin fəaliyyətində mövcud olan nöqsan və çatışmazlıqların, xüsusi ilə də gübrələrin anbarlarda mövcud təlimata və qaydalara uyğun saxlanılması, gübrə anbarlarının müasir standartlar səviyyəsində qurulması üçün təkliflərin hazırlanması, bu sahədə qısa müddətdə dönüş yaradılması  barədə ciddi tapşırıq və tövsiyələr verib.