Azərbaycanın Energetika naziri Natiq Əliyevin rəsmi “Respublika” qəzetində “Azərbaycan yeni vəziyyəti yeni imkanlara çevirir” başlıqlı məqaləsi dərc olunub. Məqalədə 2015-ci ilin iqtisadi yekunları, dünyada və Azərbaycandakı maliyyə böhranı şərh edilib. “Qafqazinfo” həmin yazını ixtisarla təqdim edir:
2015 -ci il qlobal məkanda təzahür edən gərginliklərin daha da şiddətlənməsi, uzun illərdən bəri həllini gözləyən münaqişələr sırasına yeni təhlükə ocaqlarının əlavə olunması, siyasi qarşıdurmaların ölkə və cəmiyyətlərin normal inkişaf ahəngini pozaraq ağır iqtisadi, maliyyə böhranına rəvac verməsi kimi xoş olmayan nəticələrlə tarixə qovuşdu.
Rusiya və Qərb arasındakı gərginliklər, Rusiya-Suriya-Türkiyə problemi, regionu sarmış İŞİD fəlakəti, Səudiyyə Ərəbistanı və İran qarşıdurması, eləcə də Yaxın Şərqdə - İraqda, Suriyada, Liviyada davam edən müharibələr bu konfliktlərin təsir dairəsinə daxil olan bütün ölkələrin gələcək inkişaf kursuna müəyyən təhdidlər doğurur.
Müasir dünyamızda baş verən bütün bu proseslərdə, həmişə olduğu kimi enerji amilinin yenə əhəmiyyətli rolu vardır. Amma maraqlı burasındadır ki, qlobal arenada oyun qaydalarının xeyli dərəcədə dəyişməsi enerji məsələlərinin bu proseslərə təsir formalarını da yeniləşdirib. Məzənnəsi təbii iqtisadi qanunauyğunluqlardan daha çox sırf siyasi maraqlarla süni şəkildə müəyyənləşdirilən neftin qiymətindəki məqsədli tərəddüdlər bu gün iqtisadiyyatında enerji amili xüsusi rol oynayan opponentə ciddi təzyiq vasitəsinə çevrilmişdir.
Dünya bazarında neftin qiymətinin kəskin şəkildə – 3-4 dəfə aşağı düşməsi hər nə qədər iqtisadi səbəblərlə, yəni, ABŞ-ın neftə olan tələbatını tam öz hesabına ödəməsi, bu ölkənin Federal Rezerv Sisteminin hər ay dünya birjalarına buraxdığı vəsaiti azaltması, Avropa ölkələrinin iqtisadi tənəzzüldən çıxa bilməməsi, Çində iqtisadi artım tempinin zəifləməsi, OPEK ölkələrinin neft hasilatını artırması və hasilatı azalda bilməməsi, böyük neft-qaz potensialına malik İranın dünya bazarına yenidən daxil olması və s. bu kimi reallıqlarla əsaslandırılsa da, başlıca səbəblərin böyük güclər arasındakı siyasi ziddiyyətlərdən qaynaqlandığı əsla şübhə doğurmur.
Bütün bunların milli iqtisadiyyatında neft həlledici rol oynayan Azərbaycan kimi ölkələrin sosial-iqtisadi həyatına mənfi təsirləri isə bu proseslərin ən çox təəssüf doğuran məqamıdır. Dünya bazarında neftin qiymətinin bir neçə dəfə aşağı düşməsi, neft gəlirlərinin əhəmiyyətli şəkildə azalması, heç şübhəsiz ki, ölkəmizin inkişaf dinamikasında da özünü göstərir. Bu təsir xarici valyutalar qarşısında Azərbaycan manatının məzənnəsinin aşağı düşməsi ilə nəticələnsə də, dayanıqlı inkişaf modeli mürəkkəb qlobal situasiyada da ölkəmizin müxtəlif sahələr üzrə inkişafını, enerji dövləti kimi öz həlledici mövqeyini qoruyub saxlamasını təmin etmişdir.
***
Gələn il üçün proqnozlaşdırılan qaz hasilatı isə SOCAR üzrə 6,3, “Şahdəniz” üzrə 10,1, AÇG üzrə 12,9 mlrd.kubmetr civarında müəyyənləşdirilmişdir. Qaz hasilatı ilə bağlı proqnozlardan bəhs edərkən, dərin kədər hissi ilə qeyd etmək lazımdır ki, ötən il dekabrın 4-də “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş və çoxsaylı insan itkisi ilə xalqımıza ağır faciə yaşatmış qəza hasilata da ciddi təsir göstərmişdir. Qəza nəticəsində özüldə günlərlə davam edən yanğının hasilata mənfi təsirləri, şübhəsiz ki, gələn ilin göstəricilərində öz əksini tapacaqdır.
Qarşıya çıxan bütün çətinliklərə baxmayaraq fədakar Azərbaycan neftçiləri öz fəaliyyətlərini əzmlə davam etdirərək, neft tariximizə yeni-yeni uğurlar bəxş etməkdədirlər. Belə ki, 2015-ci ildə AÇG yataqlar blokunda 9 yeni neft hasilat və 1 suvarma quyusu qazılmış, geoloji-kəşfiyyat, yeni yataqların kəşfi istiqamətində mühüm işlər aparılmışdır. 2014-cü ilin dekabrında Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə yerləşən strukturlarda birgə geoloji kəşfiyyat işləri başlamış, “Şəfəq-Asiman” dəniz bloku üzrə seysmik məlumatların interpretasiyası başa çatdırılmışdır.
***
Sirr deyil ki, bu gün dünyanın bir çox ölkələri üçün enerji effektivliyi də prioritet istiqamət olmaqla, enerji problemlərinin həllində iqtisadi cəhətdən ən effektiv və real vasitə kimi nəzərə çarpır. Enerji effektivliyi rəqabət mühitini artırmaqla istehlakçıların enerji təminatının yüksəlməsinə, dayanıqlı iqtisadi inkişafa, yaşıl iqtisadiyyata keçidə və ətraf mühitin qorunmasına, rəqabətədavamlı ucuz sənaye və kənd təsərrüfatı məhsullarının istehsalına zəmin yaradır.
Enerji daşıyıcılarının bolluğu ölkəmizdə səmərəlilik məsələsini uzun müddət arxa planda saxlasa da, son illər bu sahəyə xüsusi diqqət yetirilməkdədir. “Azərbaycan 2020: Gələcəyə Baxış” inkişaf konsepsiyasında da qeyd edildiyi kimi, məqsəd 2020-ci ilə qədər bütün istehlakçıların tam və etibarlı elektrik enerjisi təchizatı ilə təmin olunmasından ibarətdir. Bu məqsədə nail olmaq üçün enerji daşıyıcılarının istehsalı, çatdırılması və satışı zamanı yol verilən itkilərin azaldılması, elektrik stansiyalarının faydalı iş əmsalının artırılması və şərti yanacağın azaldılması istiqamətində ciddi tədbirlər həyata keçirilməkdədir.
Enerji səmərəliliyi, ilk növbədə, köhnə elektrik enerjisi paylayıcı şəbəkəsinin bərpası və yenidən qurulması ilə bağlıdır ki, bu da elektrik enerjisinin təchizatının etibarlılığını artıracaq, paylayıcı şəbəkələrdə itkiləri azaldacaqdır. Hazırda elektrik enerjisi sektoru maliyyələşdirmə problemi ilə üzləşməkdədir. Elektrik enerjisinin mövcud pərakəndə satış qiyməti şəbəkənin fəaliyyəti üçün yetərli olsa da, şəbəkənin bərpası və genişləndirilməsi üçün nəzərdə tutulan zəruri işlərin maliyyələşdirilməsinə kifayət etmir.
***
İndiyədək TANAP-ın tikintisi üzrə işlərin 20 faizi yekunlaşmışdır. Hazırda 3 lot halında inşa edilən layihə üzrə işlər qrafikə uyğun tam sürətlə davam etdirilir. Ümumilikdə, kəmərin tikintisi çərçivəsində 450 kilometr əraziyə 320 kilometr boru düzülmüş, boruların 200 kilometrində qaynaqlama işləri aparılmışdır, 2016-cı ildə 1000 kilometr məsafədə qaynaq işlərinin tamamlanması, beləliklə, qaynaqlama prosesinin 70 faizinin yekunlaşdırılması nəzərdə tutulmuşdur. Tikinti ərazisində 1600-dən çox ən müasir avadanlıqlar fəaliyyət göstərir. Kəmərin tikintisində istifadə olunan boruların 80 faizi Türkiyə, digər 20 faizi isə Çin istehsalıdır.
İqlim və ərazi şərtləri ilə bağlı problemlər ortaya çıxmazsa, layihənin vaxtında icrasında və hətta daha tez istifadəyə verilməsində problemlər olmayacaqdır.
***
Kifayət qədər çətin olan 2015-ci ilin yekunlarını nəzərdən keçirərkən görürük ki, hazırda dünya ölkələrində qlobal böhranın güclənməsinə rəğmən, respublikamızın daxili potensialına əsaslanmaqla həyata keçirilən uğurlu iqtisadi siyasət dinamik inkişaf tempinin bu il də qorunub saxlanmasına şərait yaradacaqdır. Qlobal böhranın təsirləri isə ölkə iqtisadiyyatı qarşısında yeni vəzifələr müəyyənləşdirir və bir sıra perspektivlər açır.
Dövlət rəhbərinin qarşıya qoyduğu konkret vəzifələrin təhlili onu söyləməyə əsas verir ki, Azərbaycan yeni situasiyada da bütün strateji planlarını yerinə yetirərək sosial-iqtisadi inkişaf proseslərini davam etdirmək üçün əsaslandırılmış, aydın proqramlara malikdir və qlobal miqyasda özünü göstərən böhranlı vəziyyəti ölkəmizin gələcəyi üçün yeni bir imkana çevirmək əzmindədir.