Nazir Çinin Azərbaycandakı səfiri ilə görüşüb

nazir-cinin-azerbaycandaki-sefiri-ile-gorusub
Oxunma sayı: 691

İqtisadiyyat naziri, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayev Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Quo Min ilə görüşüb.

"Qafqazinfo"ya daxil olan məlumata görə, Şahin Mustafayev diqqətə çatdırıb ki, Azərbaycan Çinlə ikitərəfli əlaqələrə böyük önəm verir və müxtəlif istiqamətlər üzrə səmərəli əməkdaşlıq mövcuddur. Azərbaycan Çinlə əməkdaşlığın bütün sferalarda genişləndirilməsində maraqlıdır. Dövlət başçılarının siyasi iradəsi, yüksək səviyyəli səfərlər və keçirilən görüşlər tərəfdaşlığın inkişafında mühüm əhəmiyyət kəsb edir. Çin beynəlxalq arenada Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. 2015-ci ilin dekabrında Azərbaycan Prezidentinin Çinə dövlət səfəri ilə əlaqələrin inkişafında yeni mərhələnin əsası qoyulub, səfər çərçivəsində mühüm razılaşmalar əldə edilib, “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqi barədə Memorandum imzalanıb.

Nazir qeyd edib ki, ikitərəfli əlaqələrdə ticarət sahəsi mühüm yer tutur. Azərbaycan və Çin arasında ticarət dövriyyəsi bu ilin yanvar-avqust aylarında 2 dəfə artıb. Azərbaycanda ticarət, xidmət, sənaye, tikinti, maliyyə, kənd təsərrüfatı və s. sahələrdə 120-dək Çin investisiyalı şirkət fəaliyyət göstərir. Çin şirkətləri Azərbaycanın dövlət layihələrində də iştirak edirlər.

Nazir qeyd edib ki, Azərbaycan şirkələri Çində keçirilən sərgilərdə fəal iştirak edirlər. Azərbaycan bu ilin noyabrında Şanxayda keçiriləcək 2-ci Çin Beynəlxalq İdxal Məhsulları Sərgisində təmsil olunacaq.

Görüşdə iqtisadi əməkdaşlığın genişləndirilməsi, eləcə də bu ilin noyabrında Şanxayda keçiriləcək 2-ci Çin Beynəlxalq İdxal Məhsulları Sərgisi barədə müzakirələr aparılıb.