Nazir festivalda - Fotolar

nazir-festivalda
Oxunma sayı: 1079

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda ölkəmizdə yaşayan milli azlıqlara həsr olunmuş festival keçirilib.

"Qafqazinfo"nun məlumatına görə, “Multikulturalizm ili” çərçivəsində təşkil olunan festivalda ölkəmizdə yaşayan azsaylı xalqların mədəniyyəti, tarixi, dini inancları, folklor örnəkləri, kulinariyası, musiqisi və müxtəlif sənət nümunələrindən ibarət sərgi nümayiş etdirilib.

Tədbir iştirakçıları əvvəlcə sərgi ilə tanış olublar. Qubanın Xınalıq kəndidə yaşayan xınalıqlıların, Qırmızı qəsəbədən dağ yəhudilərinin, Qusardan ləzgilərin, Balakəndən avarların, Lənkərandan talışların, həmçinin İsmayıllıda yaşayan azsaylı xalqların adət-ənənəsi, musiqisi və rəqsləri təqdim olunub.

Tədbir daha sonra “Atəşgah məbədi” qoruğunda yerləşən akt zalında davam edib. Əvvəlcə ölkəmizdə tarixi abidələrin qorunması, təmir-bərpa olunması, yeni qoruqların yaradılması və bu sahənin inkişafı üçün atılan addımlardan bəhs edən videoçarx nümayiş olunub.

Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə hər kəsi təbrik edərək əlamətdar günün ölkəmizdə də geniş qeyd olunduğunu bildirib:

“Bütün dünyada bu gün tarixi yerlərə, bəşəriyyətin tarixi abidələrinə diqqət yetirilir, müxtəlif tədbirlər keçirilir. Azərbaycan öz müstəqilliyini əldə edəndən sonra dünyanın mədəni xəritəsində öz yerini tutmağa nail oldu. Bu gün Azərbaycan xalqının dünya mədəniyyətinə təqdim etdiyi zəngin mədəniyyət nümunələrinin bəziləri artıq bəşəriyyətin ümumi mədəni irsinə çevrilib”.

Nazir həmçinin 25-27 apreldə Bakının BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna ev sahibliyi edəcəyinə və bu tədbirə gələcək minlərlə xarici qonağı qarşılamağa hazırlıq görüldüyünü diqqətə çatdırıb. 

Qeyd edək ki, Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi ilə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd isə insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.