Mayın 5-də “Hilton Baku” hotelində Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun yekunlarına həsr olunmuş mərasim keçirilib.
"Qafqazinfo" xəbər verir ki, Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri, VII Qlobal Forumun Təşkilat Komitəsinin sədri Əbülfəs Qarayev 25-27 aprel tarixində paytaxtımızın ev sahibliyi etdiyi beynəlxalq tədbirin yüksək səviyyədə keçməsinin Təşkilat Komitəsinin, aidiyyəti qurumların, könüllü gənclərin birgə əməyinin nəticəsi olduğunu vurğulayıb.
Əbülfəs Qarayev vurğulayıb ki, beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi “Bakı prosesi”nin əhəmiyyətinin təsdiqi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, Qarabağ probleminin həllində Azərbaycanın haqlı mövqeyinin, ölkəmizin zəngin mədəniyyəti və təşkilatçılıq qabiliyyətinin nümayişi ilə yadda qalıb.
Nazir VII Qlobal Forumun yüksək səviyyədə keçirilməsində əməyi olan hər kəsə öz minnətdarlığını bildirib.
Forumun təşkilində səmərəli fəaliyyətlərinə görə təltif edilmiş şəxslərə mükafatlar təqdim olunub.
Forumun Təşkilat Komitəsinin bütün üzvlərinə Təşkilat Komitəsinin sədri Əbülfəs Qarayev və BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasirin imzası olan sertifikatlar təqdim edilib.
Son xəbərlər
Son Xəbərlər