Nazir ictimai müzakirəyə qatıldı - Fotolar

nazir-ictimai-muzakireye-qatildi
Oxunma sayı: 1077

Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) "Azərbaycanda turizm: strateji baxış" mövzusunda ictimai müzakirə keçirilib.

"Qafqazinfo" xəbər verir ki, tədbir Azərbaycan Respublikası Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisi Xidməti, Mədəniyyət və Turizm Nazirliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşib. Turizm və iqtisadiyyatın digər sahələri üzrə ekspertlərin iştirak etdiyi müzakirə Azərbaycanda turizmin daha da inkişaf etdirilməsi yollarının araşdırılması məqsədilə təşkil olunub.

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov tədbiri açaraq ölkə iqtisadiyyatının inkişafı istiqamətində atılan addımlardan danışıb. Bildirib ki, dünya bazarında neftin qiymətinin aşağı düşməsi Azərbaycanda da qeyri-neft sektorunun daha da inkişaf etdirilməsini sürətləndirib.

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev turizmin Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda prioritet sahələrdən biri olduğunu bildirib, son illər bu sahədə görülən işlər haqqında məlumat verib.

Əbülfəs Qarayev turizmin iqtisadi amil kimi inkişafı, bu sənayenin inkişafı nəticəsində yeni iş yerlərinin açılmasına müsbət təsirlərini qeyd edib. Həmçinin vurğulayıb ki, mədəniyyət və turizmin qarşılıqlı inkişafı istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlər daha da sürətləndiriləcək.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin direktoru Vüsal Qasımlı, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə, Prezident Administrasiyasının sektor müdiri Elxan Mikayılov çıxış edərək Azərbaycanda iqtisadiyyatın inkişaf etdirilməsi istiqamətində görülən işlərdən danışıblar. 

Tədbir Azərbaycan Turizm və Menecment Universitetinin rektoru, professor Cəfər Cəfərovun moderatorluğu ilə ictimai müzakirələrlə davam edib.