Nazir İlham Əliyevə problemlərdən danışdı

nazir-ilham-eliyeve-problemlerden-danisdi
Oxunma sayı: 1955



“Qafqazinfo” xəbər verir ki, bunu təhsil naziri mikayıl Cabbarov Nazirlər Kabinetinin bazar günü keçirilən iclasında çıxış edərkən bildirib. M. Cabbarov bildirib ki, əvvəlki illərdən fərqli olaraq vakant yerlərin sayı artsa da, keçid balı aşağı salınmayıb, müəllimlərin peşəkarlığı əsas meyar kimi götürülüb: “Bu imtahan, həmçinin müəllimlərin peşə hazırlığında olan boşluqları aşkarlamışdır. İndi müəllim hazırlığı sistemində paradoksal vəziyyət yaranmışdır. Təkcə ali təhsil müəssisələrinin hazırladıqları pedaqoji kadrların sayı real tələbatı təxminən 2 dəfə üstələyir.

Bundan başqa, təəssüf hissi ilə qeyd etməliyəm ki, sistemin daxilində qanunazidd işə qəbul edilən xeyli sayda insan da vardır. Bu problemin həlli üçün biz həm inzibati tədbirlər görürük, həm də peşə standartları üzərində işləyirik. Müəllimlərin peşəkarlıq səviyyəsinin könüllü əsaslarla yoxlanılması nəzərdə tutulur. Keçiriləcək attestasiya nəticəsində uğur əldə edən müəllimlərə aldıqları dərəcələrə görə diferensiallaşdırılmış əməkhaqqının verilməsi nəzərdə tutulur. Attestasiyadan keçməyən müəllimlər üçün isə təlimlər təşkil olunacaq, növbəti attestasiyaya hazırlaşmaq üçün imkan yaradılacaqdır.
Təhsilin məzmununun təkmilləşdirilməsindən söhbət getdikdə dərslik mövzusuna toxunmamaq olmur. Problemi həll etmək üçün onun kökünə varmaq lazım gəlir. Kökü isə müəllifdir. Daha doğrusu, müəlliflərin az olmasıdır. Buna baxmayaraq, dərslik siyasəti sahəsində də müsbət irəliləyişlər olmuşdur. Görülmüş tədbirlər nəticəsində bu il dərslik yazan müəlliflərin sayı xeyli artmışdır. Gözləyirik ki, bu artım dərsliklərin keyfiyyətinə də öz təsirini göstərəcəkdir. Müəlliflik iddiasında olan mütəxəssisləri dərslik yazmağa təşviq etmək üçün ikinci və üçüncü yer tutan dərslik müəlliflərinə pul mükafatının verilməsini nəzərdə tutmuşuq”.

İclasda prezidentə xitab edən nazir bildirib: “Təhsil sistemindəki mənfi hallarla mübarizənin gücləndirilməsi məqsədilə daxili nəzarət şöbəsi yaradılmış və daxil olan siqnalların birbaşa həmin şöbədə araşdırılması təmin edilmişdir. Ciddi nöqsanlara yol vermiş 15 təhsil müəssisəsinin rəhbəri vəzifəsindən azad edilmiş, 21 şəxs barəsində digər intizam tənbehi görülmüşdür. İki hal üzrə toplanmış materiallar araşdırılmaq üçün hüquq-mühafizə orqanlarına göndərilmişdir. Nəticədə aparılan statistika göstərmişdir ki, korrupsiya faktları ilə bağlı nazirliyə daxil olan müraciətlərin sayı bir neçə dəfə azalmışdır. Bundan çıxış edərək bildirirəm ki, təhsil məsələlərində baş verən mənfi hallara qarşı nazirliyin mövqeyi gələcəkdə də barışmaz olacaq”.