Nazir İsmayıllıda vətəndaşlarla görüşdü

nazir-ismayillida-vetendaslarla-gorusdu
Oxunma sayı: 1252

Kənd Təsərrüfatı naziri İnam Kərimov iyunun 21-də İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında İsmayıllı, Qəbələ və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

"Qafqazinfo"ya daxil olan məlumata görə, qəbuldan öncə nazir İnam Kərimov və İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov şəhərin mərkəzində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Daha sonra nazir İnam Kərimov İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında yaradılan şəraitlə tanış olub, fermerlərə informasiya məsləhət xidmətinin göstərilməsində iştirak edən Aqrar İnkişaf Könüllülərinin bir qrupu ilə görüşüb.

Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda 28 nəfərin müraciətinə baxılıb. Qəbula gələn vətəndaşların müraciəti əsasən fermerlərə güzəştli şərtlərlə kreditlərin verilməsi, kənd təsərrüfatı texnikası ilə təminat, ixtisasa uyğun işlə təmin edilmə və digər məsələlərlə bağlı olub. Nazir İnam Kərimov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

İyunun 21-də kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinin binasında Şamaxı və Ağsu rayonundan olan vətəndaşları, kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov isə Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin binasında Göyçay və Ağdaş rayonundan olan vətəndaşları qəbul ediblər. Şamaxıda keçirilən vətəndaş qəbulunda 11, Göyçayda keçirilən vətəndaş qəbulunda isə 7 vətəndaşın müraciətinə baxılıb, məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.