Nazir kollegiya iclasi kecirdi

nazir-kollegiya-iclasi-kecirdi
Oxunma sayı: 1222


Nazirlikdən “Qafqazinfo”ya daxil olan məlumata görə, nazirliyin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilmiş kollegiya iclasında iqtisadiyyat və sənaye naziri, Kollegiyanın sədri Şahin Mustafayev 2014-cü ildə qazanılmış sosial-iqtisadi nailiyyətlər barədə məlumat verib. Bildirilib  ki, ölkənin davamlı inkişafının təmin olunmasında, dünya iqtisadiyyatındakı böhran meyillərinin, enerji bazarında ötən il başlamış və bu gün də davam edən qiymətlərin enməsinin mənfi təsirinin qarşısının alınmasında dövlət başçısının həyata keçirdiyi sosial-iqtisadi siyasət, o cümlədən bu siyasətin prioritet istiqamətlərindən olan iqtisadiyyatın şaxələndirilməsi həlledici rola malikdir. Ötən il ümumi daxili məhsulun real artım tempi 2,8 faiz təşkil edib  ki, bu da qeyri-neft sektorunun 7 faizlik artımı hesabına təmin olunub.

2014-cü ilin “Sənaye ili” elan edilməsinin ölkəmizdə bu sahəyə verilən böyük önəmin göstəricisi olduğunu qeyd edən və sənayenin inkişafı ilə bağlı görülən işlər barədə məlumat verən Şahin Mustafayev Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev tərəfindən texnoparkların yaradılması, müasir texnologiyaların tətbiqi, texnoparklara və aqroparklara xarici investisiyalarıın cəlb olunması, yeni sənaye istehsallarının, sənaye məhəllələrinin yaradılması, metallurgiya kompleksinin tikintisi, hər bir sahədə təbii imkanlardan və resurslardan maksimum istifadə etməklə hazır məhsulun istehsal edilməsi, gəmiqayırma        zavodunda kooperasiya işlərinin aparılması istiqamətində tapşırıqlar verildiyini vurğulayıb.

Dövlət başçısının Sərəncamı ilə 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan olunduğunu diqqətə çatdıran Şahin Mustafayev qarşıdakı dövrdə kənd təsərrüfatının inkişafının prioritet istiqamətlərdən olacağını qeyd edib. Nazirlər Kabinetinin iclasında prezident İlham Əliyev ərzaq təhlükəsizliyinin gücləndirilməsi, daxili istehsalın və məhsuldarlığın artırılması, daxili bazarın daxili resurslar hesabına təmin edilməsi, əsas ərzaq məhsulları ilə özünü təminetmə səviyyəsinin daha da yüksəldilməsi, iri fermer təsərrüfatlarının yaradılması və yaxın gələcəkdə ölkənin özünü buğda ilə tam şəkildə təmin etməsi, meliorasiya tədbirlərinin prioritet olaraq saxlanılması, kanalların çəkilməsi, yeni əkin sahələrinin dövriyyəyə buraxılması və s. kimi mühüm vəzifələr müəyyənləşdirib. Kollegiyanın sədri Şahin Mustafayev diqqətə çatdırmışdır ki, dövlət başçısı tərəfindən həmçinin, sosial layihələrin və bütün sosial proqramların tam şəkildə icrası, ünvanlı sosial yardım, məktəb, xəstəxana və kənd yollarının tikintisinin davam etdirilməsi, məcburi köçkünlər üçün yeni qəsəbələrin salınması və evlərin tikilməsi, içməli su ilə bağlı olan layihələrin icrası, bu il ən azı 300 artezian quyusunun qazılması və azı 50 kənddə modul tipli təmizləyici qurğuların quraşdırılması, qazlaşdırma, elektrik xətlərinin təmiri və çəkilişinə dair bir sıra vəzifələr müəyyənləşdirilib. Qarşıdakı dövrdə ekoloji məsələlər də prioritet istiqamətlərdən biri olaraq qalacaqdır. Dövlət başçısının tapşırığına uyğun olaraq, bu ilin yayına qədər Böyükşor gölünün təmizlənməsinin birinci mərhələsi başa çatdırılacaq, Zığ gölü bu il ərzində təmizlənəcək. Şahin Mustafayev Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev tərəfindən dövlət strukturlarının məsuliyyətinin artırılması, israfçılığa yol verilməməsi, prioritet olmayan layihələrin maliyyələşdirilməməsi, hər bir dövlət strukturunda, qurumlarda, dövlət şirkətlərində idarəetmə prinsiplərinin təkmilləşdirilməsi istiqamətində tapşırıqlar verildiyini vurğulayıb.