Nazir konfransda iştirak edib - Video

nazir-konfransda-istirak-edib
Oxunma sayı: 2175

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov İqtisadi Əməkdaşlıq Təşkilatının Fəlakət risklərinin idarə olunması üzrə VIII Nazirlər konfransında iştirak edib. 

“Qafqazinfo” xəbər verir ki, videokonfrans şəklində keçirilmiş beynəlxalq tədbirdə, həmçinin Türkiyə, Pakistan, Əfqanıstan, İran, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Tacikistan və Özbəkistanın fövqəladə halların idarə edilməsinə cavabdeh olan dövlət qurumlarının rəhbər şəxsləri iştirak ediblər. 

“Fəlakət Risklərinin Azaldılması, BMT-nin Senday çərçivəsi proqramının həyata keçirilməsi” mövzusunda keçirilmiş tədbirin təşkilində əsas məqsəd 2015-2030-cu illəri əhatə edən Senday Fəaliyyət Çərçivəsi sənədinin və Daimi İnkişaf Məqsədlərinin əhatə etdiyi istiqamətlər üzrə görülmüş işlərin və qarşıda duran məsələlərin müzakirəsi, habelə fəlakət risklərinin azaldılması üzrə milli strategiyalar barəsində məlumat mübadiləsinin aparılması olub.  

Konfransda çıxış edən nazir Kəmaləddin Heydərov bildirib ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, ölkədə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində zəruri tədbirlər həyata keçirilir. Nazir Azərbaycanda sözügedən istiqamətdə atılan addımlar barədə ətraflı danışaraq, bu sahədə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın əhəmiyyətini qeyd edib. O, Senday çərçivəsi proqramının icra vəziyyəti ilə bağlı tədbir iştirakçılarına məlumat verib.