Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin qətli ilə bağlı təqsirləndirilən Elşən İsmayılov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Qafqazinfo"nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə vəsatətlərə baxılıb.
Rasim Əliyevi xəstəxanada qəbul edən, UZİ-dən keçirən tibb əməkdaşları, həkimlər, palata yoldaşı, onun anası, Rasimi ziyarət edən dostları, ondan müsahibə alan jurnalistlərin məhkəməyə şahid qismində çağırılması barədə vəsatət verilib.
Prokuror bildirib ki, eyni məzmunlu vəsatət ötən iclasda verilib və bununla bağlı məhkəmə qərarı var. Məhkəmə kollegiyasının qərarı ilə vəsatət təmin olunmayıb.
Şahidlərin dindirilməsinin yekunlaşdırılması barədə məhkəmə kollegiyasının təklifinə hər iki tərəfin vəkilləri etiraz edib. Şahidlərin dindirilməsi mərhələsi məhdudlaşdırılıb, sübutların və sənədlərin tədqiqinə başlanılıb.
Kamera görünütülərinin protokolları elan edilib. Təqsirləndirilən Samir Mustafayev vəkilin sualına cavab olaraq deyib ki, Rasim Əliyevə heç bir zərbə vurmayıb: "Mən sadəcə onları ayırmaq üçün ora yaxınlaşdım".
Vəkil Əsabəli Mustafayev nazir Oqtay Şirəliyevin məhkəməyə gələrək şahid qismində dindirilməsi ilə bağlı vəsatət verib: "Səhiyyə naziri Oqtay Şirəliyevin adından baş prokuror Zakir Qaralova ünvanlanan məktub həkimlərin rəyinə əsaslanıb. Lakin həmin həkim rəyləri məktuba əlavə edilməyib. Onda Oqtay Şirəliyev məhkəməyə gəlsin və məktubda qeyd etdiyi fikirlərin hansı rəyə əsaslandığını açıqlasın. Nazir həmin məktubda yazır ki, Rasim Əliyev dərhal dinamik müşahidə altına alınıb. Həkim Arzu Əliyeva isə ifadəsində deyib ki, Rasim Əliyev dinamik müşahidə altına alınmalı olsada da, bu edilməyib və bu barədə heç bir göstəriş verilməyib. Həkimin ifadəsi ilə nazirin məktubu ziddiyyət təşkil edir. Bu ziddiyyətin aydınlaşdırılması üçün Oqtay Şirəliyev məhkəmədə dindirilməlidir. Nazirin bir məktubu bütün həkimlərin məsuliyyətdən azad olunması üçün əsas götürülür".
Təqsirləndirilən tərəflərin vəkilləri də vəsatəti müdafiə ediblər. Məhkəmə kollegiyasının qərarı ilə vəsatət əsassız hesab edildiyi üçün təmin olunmayıb.
Bundan sonra məhkəmə tibbi ekspertizaların rəyləri elan edilib. Ekspertlərin məhkəməyə çağırılıb dindirilməsi barədə vəsatət verilib. Məhkəmə kollegiyasının qərarı ilə vəsatət qismən təmin edilib. İlk tibbi ekspertiza rəyi verən Alim Hüseynov və komisyon ekspertizanın rəyini verən Ziyafəddin Məmmədovun məhkəməyə çağırılması barədə qərar qəbul edilib.
Məhkəmə prosesi fevralın 16-da davam etdiriləcək.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər