Nazir müavini ağacəkmə kampaniyasından danışdı

nazir-muavini-agacekme-kampaniyasindan-danisdi
Oxunma sayı: 911

“Yaşıllıqların salınmasında bir sıra rayonlar və şəhərlər fərqlənir Yeni yaşıllıqların salınması və ağac əkilməsinin təşviqi məqsədilə keçirilən aksiyalarda bir sıra rayon icra hakimiyyətləri öz fəallıqları ilə fərqlənir ki, bu da ağacəkmə kampaniyasının daha da kütləviləşməsinə rəvac verir”.

“Qafqazinfo” xəbər verir ki,  bunu jurnalistlərə açıqlamasında Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

O qeyd edib ki, aparılan təhlillərə əsasən deyə bilərik ki, paytaxtın Yasamal, Nərimanov, Binəqədi, Xəzər rayonlarında, bölgələr üzrə Şəmkir, Sumqayıt, Şirvan, Ağcabədi, Yevlax, Mingəçevir, Qax şəhərlərində yaşıllıqların salınması tədbirləri artıq kütləvi hal alıb və bu rayonlarda daha geniş yaşıllıq zolaqları salınıb: “Əminik ki, belə tədbirlər digər rayonlar üçün də stimul olacaq, geniş yaşıllıq sahələri salınacaq və qorunacaq. Qeyd edim ki, ağacəkmə aksiyalarının keçirilməsində məqsəd ölkəmizdə yaşıllıq sahələrinin artırılması, qorunması və insanlarda təbiətə qayğı hissini aşılamaqdır”.

Qurumun mətbuat xidmətinin rəhbəri İradə İbrahimova isə bildirib ki, "Bu yaz özün bir təbiət yarat" devizi altında keçirilən yaz ağacəkmə kampaniyası çərçivəsində vətəndaşlara 70000-dən çox ağac tingi paylanılıb: “Ağac tinglərinin paylanması ölkəmizdə yaşıllıqların sayının artırılması, süni meşələrin salınması üçün, hesab edirəm ki, yaxsi bir stimuldur. İlk dəfə ağac paylama aksiyası ötən ilin payızında təşkil olundu, ictimaiyyət bu aksiyanı böyük maraqla dəstəklədi və fəal iştirakları ilə ağac əkilməsinin təşviqi istiqamətində Nazirlik tərəfindən başladılan yeni bir formanı təqdir etmiş oldu. Bunu nəzərə alaraq aksiyanı yenidən davam etdirməyi qərara aldıq. Sevindirici haldır ki, ölkəmizdə ağacəkmə tədbirləri artıq geniş vüsət alıb və kütləviləşib. Qeyd edək ki, dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq Nazirlik əhalinin sosial rifahına töhfə verən meyvə bağlarının salınmasını prioritet hesab edərək regionlarda əsasən meyvə ağaclarının əkilməsini və paylanmasını təşkil etdi ki, bu da nəticə olaraq meyvə ağaclarının sayının artmasına, ölkədə meyvə bolluğunun yaranmasına gətirib çıxaracaq”.