Nazir müavini Masallıda vətəndaşlarla görüşdü - Fotolar

nazir-muavini-masallida-vetendaslarla-gorusdu
Oxunma sayı: 1249

Avqustun 16-da İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Masallıda bu rayondan olan vətəndaşları qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin nümayəndələrinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşlar diqqətlə dinlənilib, qaldırılan məsələlərin əksəriyyəti yerində həll edilib. İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciət edən vətəndaşlara isə ətraflı izahat verilib, bu müraciətlər aidiyyəti strukturlara çatdırılması üçün qeydiyyata alınıb.

Qəbula gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, turizm müəssisəsinin genişləndirilməsi, investisiya təşviqi sənədinin alınması, sosial və s. məsələlərlə bağlı müraciət ediblər.

Eyni zamanda qəbula gələn sahibkarların təklifləri müzakirə olunub, onların heyvandarlıq, çəltikçilik, arıçılıq və s. sahələr üzrə investisiya layihələrinin güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məsələsinə baxılması məqsədəuyğun hesab edilib.

Qəbula gələnlər regionlarda vətəndaş qəbulunun təşkilinə, göstərilən hərtərəfli diqqət və qayğıya, yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Qəbul çərçivəsində Masallı Sənaye Məhəlləsində müəssisələrin fəaliyyəti ilə tanış olunub. Masallı Sənaye Məhəlləsi Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyun tarixli Sərəncamına əsasən yaradılıb. 2018-ci il 18 sentyabr tarixində açılışı həyata keçirilmiş sənaye məhəlləsi sahibkarların istifadəsinə verilib və burada ilkin olaraq, ümumi dəyəri 5,33 mln. manat olan 10 layihə icra olunur. Bu layihələr döşək və metal yay, uşaq, mətbəx, yumşaq mebel, taxta və metal emalı, işıq dirəkləri, park oturacaqları, dam örtükləri və aksessuarları, plastik qapı və pəncərə istehsalı və s. sahələri əhatə edir. Layihələrin icrası nəticəsində Masallı Sənaye Məhəlləsində 200 iş yeri yaradılıb.