Gəncədə “Təbiət ərazilərində yanğın təhlükəsizliyi” mövzusunda regional müşavirə keçirilib.
FHN-dən "Qafqazinfo"ya verilən məlumata görə, müşavirədə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Baş Prokurorluq, Daxili İşlər, Kənd Təsərrüfatı və Ədliyyə nazirlikləri, 13 rayonun Fövqəladə Hallar Komissiyalarının sədrləri, sahibkar və fermerlər iştirak ediblər.
Müşavirədə çıxış edən Etibar Mirzəyev fermerlər və sahibkarlara biçin mövsümündə diqqətli olmaları, təhlükəsizlik qaydalarına ciddi əməl etmələri və taxıl sahələrini yandırmamaları üçün müraciət edib. Nazir müavini yanğın hallarının qarşısını almaq məqsədilə maarifləndirmə işlərinin mütəmadi davam etdirilməli olduğunu da vurğulayıb. O, əkin sahələri ilə yanaşı, meşələrdə baş verən yanğınlara da diqqət çəkərək, milli sərvətimiz olan meşələri qorumaq üçün hər bir vətəndaşın təhlükəsizlik qaydalarına riayət etməsinin vacibliyini qeyd edib.
Yanğınlarla yanaşı digər fövqəladə halların da ciddi narahat doğurduğunu bildirən E.Mirzəyev istər təbii, istərsə də texnogen mənşəli fövqəladə halların qarşısının vaxtında alınması istiqamətində aidiyyəti qurumların qarşılıqlı fəaliyyətinin əhəmiyyətini vurğulayıb.
Görüşdə təbiət ərazilərində yanğın hallarının baş verməməsi üçün yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi, biçindən sonra sahələrə od vurulmaması, təbiətdə olarkən odla ehtiyatlı davranmanın vacibliyi bildirilib.



Son xəbərlər
Son Xəbərlər