Nazir müavini Tərtərdə təhsil şöbələrinin hesabatını dinlədi - Fotolar

nazir-muavini-terterde-tehsil-sobelerinin-hesabatini-dinledi
Oxunma sayı: 1765

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının binasında Mingəçevir şəhər, Tərtər, Bərdə və Yevlax rayon təhsil şöbələrinin fəaliyyətinə dair hesabat tədbiri keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov, Mingəçevir,Tərtər, Bərdə və Yevlax rayon təhsil şöbələrinin müdirləri, məktəb direktorları və təhsil işçiləri iştirak ediblər.

Tədbirdə Mingəçevir, Tərtər, Bərdə və Yevlax təhsil şöbə müdirlərinin dərs ilinin prioritet fəaliyyət istiqamətləri üzrə Təhsil Nazirliyinin müvafiq əmrlərinin icra vəziyyəti ilə əlaqədar hesabat məruzələri dinlənilib.

Məhəbbət Vəliyeva çıxış edərək hesabatlar barədə fikrini bildirib. Nazir müavini məktəblərin buraxılış və ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələrinə toxunub, bu göstəricilərin artırılması istiqamətində işlərin davam etdirilməsini tövsiyə edib. Nazir müavini bildirib ki, zəif nəticələrin səbəbi araşdırılmalı, məktəb və təhsil şöbələrinin əməkdaşları birgə fəaliyyət göstərməlidir. M.Vəliyeva məktəblərdə xarıci dil fənninin tədrisinin aşağı səviyyədə olduğunu bildirib, günün tələblərinə uyğun tədbirlər planının tərtib edilməsini tövsiyə edib. O, məktəbəhazırlığın təşkilinin vacibliyindən, məktəbdaxili qiymətləndirmədən danışıb. Nazir müavini ümumi təhsil müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması ilə bağlı məsələləri iştirakçıların diqqətinə çatdırıb.

Sonra qeyd olunan şəhər və rayonların məktəb direktorları ilə görüş keçirilib.

Sonda görüş iştirakçıları ilə fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib və suallar cavablandırılıb.

Tədbirdə xüsusi fəaliyyətinə görə seçilən təhsil işçiləri təltif edilib.

Məhəbbət Vəliyeva Tərtər rayonu Uşaq-Gənclər İdman Şahmat məktəbində də olub, məktəbin gənc şahmatçıları ilə görüşüb. Vəliyeva rayonun ümumtəhsil məktəbləri şagirdlərinin əl işlərindən ibarət sərgi ilə tanış olub.