"Qafqazinfo" musavat.com-a istinadən xəbər verir ki, bu haqda Nəqliyyat Naziliyinin mətbuat xidmətini rəhbəri Namiq Həsənov məlumat verib. Xidmət rəhbəri deyib ki, qovulan müfəttişlər lisenziyası və fərqlənmə nişanları olmayan 20-yə yaxın maşının nömrə nişanını qanunsuz olaraq çıxardıqlarına görə bu formada cəzalandırılıblar: “Bundan sonra da kimsə bu hərəkəti edərsə, ən azı işindən azad olunacaq”.
N.Həsənov bildirib ki, nömrə nişanları geri qaytarılıb və sürücülərə qeyri-qanuni fəaliyyət göstərdikləri üçün xəbərdarlıq edilib.
Qanunsuzluğa yol vermiş nəqliyyat müfəttişlərinin işdən qovulması həm də Nəqliyyat Nazirliyinin illərlə davam edən müfəttiş özbaşınalığının qarşısının alınması istiqamətində atdığı ilk addımdır. Uzun illərdir ki, Nəqliyyat Nazirliyi müfəttiş özbaşınalığı haqda məlumatlara reaksiya belə vermirdi.
Bəs, vəzifəsi ictimai nəqliyyatda təhlükəsizliyi və nizam-intizam qaydalarını qorumalı olan müfəttişlərin sürücülərə qarşı bu cür kobud davranışlarının kökündə nə dayanır? Ümumiyyətlə, nəqliyyat müfəttişlərinin qanuni fəaliyyəti hansı qaydalarla tənzimlənir? Onların mövcud fəaliyyəti polis nəzarəti funksiyasını yerinə yetirə bilərmi?
Bu sualları lent.az-az cavablandıran hüquqşünas Ələsgər Məmmədli deyib ki, əslində müfəttişlik qurumlarının əsas vəzifələri səlahiyyət çərçivəsinə daxil olan sahələri təftiş etmək, nəzarətdə saxlamaqdır. Fəaliyyət sahəsindən asılı olmayaraq, hər bir müfəttiş həyata keçirdiyi təftiş yoxlamalarının sonunda müvafiq strukturlara raport verir. Onun sözlərinə görə, son illər nəqliyyat müfəttişləri ilə sürücülər arasında yaşanan xoşagəlməz hadisələrin çoxalması bu sahədə ciddi özbaşınalıqların olduğunu göstərir: “Nəqliyyat müfəttişləri bilərəkdən, ya bilməyərəkdən həm də hüquq-mühafizə orqanlarının funksiyalarını üzərlərinə götürüb.
Halbuki onların sürücülərə və sahibkarlara cərimə tətbiq etmək səlahiyyəti yoxdur. Bu səlahiyyət yuxarı instansiyalara aiddir və cərimələr yalnız müfəttişlərin yoxlamalardan sonra raporta əsaslanan yazılı hesabata nəzərən tətbiq edilə bilər”. Ələsgər Məmmədli hesab edir ki, nəqliyyat müfəttişlərinin təkcə taksi sürücülərə deyil, yük avtomobillərinə qarşı tətbiq etdiyi cərimələr də qanunsuzdur. Onun fikrincə, ümumiyyətlə, yük daşıyıcısının Nəqliyyat Nazirliyinin müfəttişlərinə heç bir qanuni tabeçiliyi yoxdur. Əksinə, Nəqliyyat Nazirliyi yükü hesablamalı və normativləri sürücülərə elan etməlidir: “Sürücü bu normativdən kənara çıxırsa, onun haqqında raport yazıb müvafiq qurumlara təqdim edə bilər. Ancaq həmin avtomobili saxlamaq və sürücünü cəzalandırmaq Nəqliyyat Nazirliyi müfəttişlərinin yox, yol polisinin işidir”.
Müsahibimiz hesab edir ki, Azərbaycanda yol hərəkəti qaydalarına nəzarət rəsmi olaraq polis orqanlarına həvalə olunub. Onun sözlərinə görə, polisdən kənarda hansısa qurumun bu tip məsələlərə müdaxilə etməsi, vətəndaşlara fiziki təzyiq etməsi yolverilməzdir: “Bu baxımdan nəqliyyat müfəttişlərinin məqsəd və vəzifəsi nə olsa da, sürücü və sahibkarların işinə müdaxilə edə bilməz. Əgər taksi fəaliyyəti göstərməyən sürücünü tanıdığı və ya tanımadığı şəxsi avtomobilinə götürüb onu təmannasız olaraq lazım olan ünvana çatdırırsa və buna görə müfəttiş sürücüdən cərimə tələb edirsə, bu, çox ciddi qanun pozuntusudur. Belə hallar olanda, nəqliyyat müfəttişi nəinki cəzalandırılmalı, hətta ona qarşı cinayət işi qaldırılmalıdır.
Hüquqşünas Nəqliyyat Nazirliyinin ictimai nəqliyyatda nizam-intizamın qorunması üçün özünün müfəttiş qrupları yaratmasını, daxili nəzarət sistemi qurmasını normal sayır. Ancaq onun fikrincə, bu cür nəzarət sistemi sadəcə müşahidə xarakterli olmalıdır. Müşahidədən sonra atılacaq addımlar, tətbiq olunacaq inzibati tədbirlər isə hökmən qanuna əsaslanmalıdır: “Lakin müfəttişlik qayda-qanunun pozulmasına görə, cərimə təyin edəcək struktur deyil. Bu isə o deməkdir ki, nəqliyyat müfəttişləri istər fərdi sürücülərə, istər taksi xidməti göstərənlərə, istərsə də yük avtomobillərinə heç inzibati məsuliyyət tətbiq edə bilməzlər”.
Müstəqil Nəqliyyatçılar Birliyinin sədri Natiq Ələkbərov isə deyib ki, nəqliyyat müfəttişliyi Nəqliyyat Nazirliyinin nizamnaməsinə və ən əsası prezidentin fərmanına zidd olaraq yaradılıb. Onun sözlərinə görə, əslində nəqliyyat müfəttişliyinin əsas funksiyası avtonəqliyyata nəzarət etmək və nəqliyyat vasitələrinin fəaliyyətini tənzimləmək olmalıdır. Ancaq müfəttiş-sürücü kontekstində baş verən hadisələr nəqliyyat müfəttişliyinin fəaliyyətində qanunsuzluğun son həddə çatdığını göstərir: “Müfəttişlərin rəsmi təlimat, əsasnamə olmadan sürücülərə cərimələr tətbiq etməsi, onların maşınlarının sənədlərini müsadirə etməsi, özləri ilə kobud davranışı qanundan kənara çıxma hallarıdır. Onların səlahiyyətlərinin, funksiyalarının hansısa qanunla tənzimləndiyini söyləmək çətindir. Ola bilsin ki, nazirin əmri ilə nəsə bir sənəd təsdiq olunub.
Amma 2008-ci ildə “Avtomobil nəqliyyatı haqqında” qanunun təsdiqi ilə Nəqliyyat Nazirliyindəki “Avtonəqliyyat Sersvis” Departamenti MMC ləğv olunub. Onun bazasında isə Dövlət Avtomobil Nəqliyyatı Xidməti yaradılmalı, Nəqliyyat Müfəttişliyi də həmin strukturun tərkibində olmalıydı. Lakin indiyədək onun əsasnaməsi də yoxdur”.