Nazir “Nobel” laureatı ilə görüşdü - Fotolar

nazir-nobel-laureati-ile-gorusdu-
Oxunma sayı: 1025

İyunun 19-da Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan “Nobel” Sülh Mükafatı laureatı, professor Məhəmməd Yunusla görüş olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, M.Yunusu səmimi salamlayan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov onun dünya miqyasında sülhün və davamlı tərəqqinin təbliği, mikromaliyyənin və sosial biznesin inkişafı sahəsində xidmətlərinin ölkəmizdə də daim yüksək dəyərləndirildiyini vurğulayıb.

Nazir vurğulayıb ki, dövlətin iqtisadi siyasəti milli iqtisadiyyatın dinamik inkişafı şəraitində daha çox əmək tutumlu sahələrin genişləndirilməsi və yeni iş yerlərinin açılmasına, əmək resurslarından səmərəli istifadənin təmin olunmasına, layiqli əməyin təminatı yolu ilə insanların sosial problemlərinin sürətli həllinə yönəlib: “Bunun nəticəsidir ki, son 12 ildə 3,4 dəfə iqtisadi artımın əldə edildiyi respublikamızda 1,5 milyondan çox iş yeri açılmaqla, əmək bazarında sabitliyə, işsizliyin 5 faizə enməsinə nail olunub. İqtisadi inkişaf və yoxsulluğun azaldılmasına yönələn səmərəli dövlət proqramları nəticəsində sosial rifah göstəricilərinin mütəmadi artması yoxsulluğun qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağı, yəni 5 faizə qədər azalması ilə nəticələnib”.

Dövlət başçısının sosial inkişaf kursunun demoqrafik sahədə də müsbət meyllərə şərait yaratdığını vurğulayan S.Müslümov əhalinin 1,2 faizlik illik artım göstəricisinə görə Avropa məkanında ilk yeri tutan ölkəmizdə doğulanların sayının ölənlərin sayını 3 dəfədən çox üstələdiyini, gözlənilən ömür uzunluğu göstəricisinin isə ildən-ilə artaraq 2015-ci ildə 74,2 yaşa çatdığını qeyd edib.

Daha sonra M.Yunusun “Sosial biznes-inkişaf üçün əsas yol” mövzusunda fikirləri dinlənilib, mövzu ilə bağlı qarşılıqlı müzakirələr aparılıb.