Nazir oğlu qəzetdən əl çəkmir

nazir-oglu-qezetden-el-cekmir
Oxunma sayı: 664

Nizami Rayon İcra Şöbəsinin böyük icra məmuru Yaqub Məmmədovun göndərdiyi məktubda bildirilir ki, “Ayı işi” ilə bağlı icraata başlanıb və redaksiyaya kəsilən cəriməni ödəmək üçün 10 gün vaxt verilir. Bu müddət ərzində tələb üzürsüz səbəbdən icra edilməsə, icra məcburi qaydada təmin ediləcək. Həmçinin “İcra haqqında” Qanunun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər borcludan tutulacaq. Qarşı tərəf 10 gün müddətinə məhkəməyə şikayət verə bilər.

“Yeni Müsavat” qəzetinin hüquqşünası Vaqif Hüseyn isə deyir ki, onlar bu qərardan məhkəməyə şikayət verəcəklər. Qeyd edək ki, “Ayı işi” ilə bağlı qərar 2012-ci ilin yanvarında verilib. Yasamal Rayon Məhkəməsində Anar Məmmədovun “Yeni Müsavat” və “Azadlıq” qəzetlərinə qarşı iddiasına baxılıb və məhkəmə hər iki qəzetin 4 min manat cərimə olunması ilə bağlı qərar çıxarıb. Bundan başqa, Anar Məmmədovun ayı yeməsindən bəhs edən yazıların həcminə uyğun ölçüdə təkzib və üzrxahlıq mətninin dərci tələb edilib.

Xatırladaq ki, nazir oğlu dostları ilə birlikdə Qəbələ rayonundakı restoranda 1 milyon manata ayı kəsdirib yeməsindən bəhs edən yazılara etiraz edib qəzetləri məhkəməyə vermişdi. Şərəf və ləyaqətinin təhqir olunmasını hesab edən A.Məmmədov hər iki qəzetin üst-üstə 500 min manat cərimə olunmasını istəyirdi.