“Nazir olana qədər nə həkim kimi bir həkim, nə də...”

nazir-olana-qeder-ne-hekim-kimi-bir-hekim-ne-de
Oxunma sayı: 5548

Bu günlərdə sizin sosial şəbəkələrdə verilmiş bir neçə müsahibənizə baxdım. Dediyiniz yalanlarla hər kəsi, hətta özünüzü belə inandırmağa çalışırdınız ki, siz səhiyyə naziri vəzifəsində çalışdığınız 12 il ərzində  kimsədən rüşvət almamısınız. Televiziya ekranlarında dəfələrlə nümayiş etdirilən dəbdəbəli saraylar, qızıl külçələr, saymaqla bitməyən pullar, valyutalar sizə məxsus deyil. Hamının bildiyi bu acı gerçəkləri danmaq özünü ziyalı, alim, akademik hesab edən bir kəsə yaraşarmı, Əli müəllim?

İndi imdad dilədiyin, dəstək gözlədiyin bu Xalq bilir ki, göz qamaşdıran, ucu-bucağı görünməyən o saraylarınızın hər daşında, hər kərpicində bir xəstə fəryadı, bir ana naləsi var. Özünüz də bilirsiniz ki, siz Azərbaycan səhiyyəsinin ən uğursuz naziri olmusunuz. İnsanların az qala çörəkdən, sudan daha çox sağlamlığa ehtiyacı olduğu bir dövrdə- 90-cı illərdə səhiyyəmizi siz acımasızcasına dağıtdınız, məhv etdiniz. İndi özünüz düşünün, sizin yaratdığınız rüşvət, süründürməçilik bataqlığında 12 il əziyyət çəkmiş insanları mənasız sözlərinizlə bu gün necə inandıra bilərsiniz?

Sosial şəbəkədəki çıxışlarınızın birinin altında, sizə yazılmış şərhləri, müraciətləri oxudum. İnsanların, cəmiyyətin sizə olan nifrətini, lənətini gözlərimlə gördüm. Sizə ünvanlanmış 4000-dən çox şərhdə yalnız 3-4 nəfər sizi müdafiə etmişdi. Düşündüm ki, bunlar da ya sizin korrupsiya ortaqlarınız, ya əməllərinizdən xəcalət çəkə-çəkə yazan övladlarınız, nəvələriniz, ya da təsəlli vermək istəyən qohumlarınızdır. Sizə yazılan o nifrət dolu şərhlərin səbəbi bilirsinizmi nədir, cənab İnsanov? Bax bu nifrətin kökündə sizin 12 illik yarıtmaz fəaliyyətiniz dayanır.

Çıxışınızda deyirsiniz ki, “Xəstəxanaların həyətyanı sahəsini mən satmamışam. İcra başçıları satıb, həyətində də çoxmərtəbəli binalar tikdiriblər. Mənim də o məmurlara gücüm çatmırdı”. Bu cür ağ yalanları danışmaq bir akademikə yaraşarmı, Əli müəllim! Siz nazir olduğunuz o illərdə, mən başqa bir nazirlikdə çalışırdım. Hansı səlahiyyət və təsir imkanlarına malik olduğunuzun dəfələrlə şahidi olmuşam. Axı siz vəzifədə olanda adlarını çəkdiyiniz, çirkin əməllərinizə şərik axtardığınız o insanlar xəstəxanaların, tibb ocaqlarının qapısına belə yaxınlaşa bilmirdilər, cənab İnsanov. Çox təəssüflər olsun ki, Ümummilli Liderimizin sizə göstərdiyi yüksək etimadı, dövlətimizin yaratdığı belə vəzifə imkanlarını, ancaq şəxsi, çirkin məqsədləriniz üçün istifadə etdiniz.  

Bu gün çıxışlarınızda özünüzü siyasət aləminin Ronald Reyqan, Con Kennedi kimi parlaq şəxsiyyətləri ilə müqayisə edirsiniz. Yeri gəldi-gəlmədi, onlardan uyğunsuz nümunələr göstərirsiniz. Amma unutmayın ki, sizi elə özünüzə  də böyük göstərən, sonradan etimadını doğrulda bilmədiyiniz Ümummilli Liderimizin, cənab Prezidentimizin etibarı, yüksək etimadı idi. Siz nazir olana qədər elə də tanınmış bir sima deyildiniz. Nə həkim kimi bir həkim, nə də alim kimi bir seçilən alim idiniz. Qısa əhatənizdə tanıyanlar isə sizi ən çox əməlinizlə adı düz gəlməyən, qeyri-adi soyadınıza görə xatırlayırdılar.  Böyük dövlət xadimi Heydər Əliyevin diqqətini çəkməyiniz isə Ümummilli Liderimizin ölkənin ən ağır vaxtlarında sizi vətəninə, dövlətinə bağlı şəxs hesab edib etimad göstərməsi idi ki, siz bu etimada da layiq olmayıb, xəyanətkar üzünüzü göstərdiniz.

Siz uzun illər layiq olmadığınız bir mövqelərdə Heydər Əliyev kimi bir şəxsiyyətin yanında çalışdınız. Bu sizin üçün bir tarixi şans idi. Heç olmasa, bu böyük şəxsiyyətdən nümunə götürə bilərdiniz. Uzun illər Azərbaycana rəhbərlik etmiş, SSRİ kimi dövlətin əsas şəxslərindən biri olmuş Heydər Əliyevin vəzifədən gedəndən sonra özünün qurub yaratdığı bir ölkədə nə yaşamağa evi, nə də bir qarış torpağı vardı. Sizdən fərqli olaraq, ağır bir şəraitdə, qohumlarının evində yaşamağı insanların qanı, ah-naləsi hesabına alınan rüşvətlərlə tikilmiş saraylardan üstün tuturdu Ümummilli Liderimiz. Bax bu idi Onu Xalqa sevdirən! 

Həbsxanadan çıxandan sonra yenidən siyasət meydanına atılanda anlamalıydınız ki, bu yolda uğur qazanmaq istəyən birinin  keçmişi təmiz, fəaliyyəti şəffaf olmalıdı. Axı səhiyyə elə sahədir ki, bu hər evlə, hər insanla birbaşa bağlıdır. Dövlətin yaratdığı pulsuz səhiyyə imkanlarından istifadə edə bilməyən insanlar sizin əməllərinizi necə unuda bilərlər?

Bir çıxışınızda ağızdolusu demokratiyadan, insan hüquqlarından danışmağınız məni, sözün əsl mənasında hiddətləndirdi. Xeyli zamandır ki, bu mövzuda yazmaq istədiyim bu yazını qələmə almağımın da əsas səbəblərindən biri oldu. Düşündüm ki, 12 il tabeliyindəki işçilərlə, alimlərlə, həkimlərlə, ondan ümid istəyən insanlarla soyadının əksi olan bir formada davranan, heç bir qanuna, qaydaya məhəl qoymayan, hətta öz peşə vəzifəsini yerinə yetirən bir media nümayəndəsinə, xanım jurnalistə özünəməxsus kobud səs tonu ilə “rədd ol” deyən bir şəxs bu sözləri indi dilinə necə gətirə bilər?

2000-ci ilin əvvəllərində mötəbər bir tədbirdə alovlu çıxış etdiniz. Mən də o tədbirdə idim. Partiyamızın qurultaylarından biri idi. İndiki müxalifət liderlərinə kobud, bir nazirə, akademikə yaraşmayan ifadə işlətdiniz, “Onlar mənim dabanım səviyyəsində adamlardır”- dediniz. Təəssüf ki, indi özünüz də hakimiyyət naminə o insanlarla birgə Xalqa qarşı elə o səviyyədə də mübarizə aparırsınız. Budurmu sizin siyasət dediyiniz, cənab İnsanov!  

Bu yazıda qeyd etdiyim fikirlərin təkcə mənim deyil, milyonlarla insanın ürəyindən süzülüb gəldiyini özünüz də bilirsiniz. Ancaq bütün bunlara baxmayaraq, sizə bildirirəm ki, insanların xəstəliyindən, ah-naləsindən yığdığınız o pulları heç olmasa öz başını belə qoruya bilməyən müxalifət “lider”lərinin eyş-işrətinə xərcləməyin. Bu ahıl yaşınızda tarixdə əbədi qalan insanlardan ibrət götürün. Bir xəstəxana tikdirin, bir xeyriyyə fondu yaradın. Bəlkə bu yol sizi o haqqını yediyiniz, əzdiyiniz insanların lənətindən, nifrətindən, məzlumların ah-naləsindən xilas edər.

Bayram Hüseynzadə,

Siyasi elmlər üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist