Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bu gün Quba Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Quba, Qusar və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
“Qafqazinfo” xəbər verir ki, qəbuldan öncə Məcnun Məmmədov və Quba Rayon İcra Hakimiyyətinin başçısının I müavini Tariyel İbrahimov şəhərin mərkəzində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsini ehtiramla yad ediblər.
Daha sonra nazir Quba DAİM-in inzibati binasında yaradılan şəraitlə tanış olub, bölgədə fəaliyyət göstərən Dövlət Aqrar İnkişaf Mərkəzlərinin rəhbərləri ilə görüşüb.
Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciəti əsasən fermerlərə subsidiya, güzəştli şərtlərlə kreditlərin verilməsi, kənd təsərrüfatı texnikası və təsərrüfat suyu ilə təminat, ixtisasa uyğun işlə təmin edilmə, sığorta hadisəsi zamanı dəymiş ziyanın ödənilməsi və digər məsələlərlə bağlı olub. Nazir Məcnun Məmmədov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Quba Dövlət Aqrar İnkişaf Mərkəzinin binasında Aqrar Xidmətlər Agentliyinin Səyyar Xidmət Qrupu mexanizatorlar üçün səyyar xidmət təşkil edib. Xidmət zamanı etibarlılıq müddəti bitən traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün mexanizatorların sürücülük vəsiqələri yeniləri ilə əvəz edilib. “Səyyar Xidmət” qrupu öz fəaliyyətini gün ərzində davam etdirəcək. M. Məmmədov səyyar xidmətin təşkili prosesi ilə maraqlanıb, mexanizatorların müraciətlərini dinləyib, lazımi tövsiyələrini verib.
Qəbuldan sonra nazir Quba Dövlət Aqrar İnkişaf Mərkəzinin kollektivi ilə görüşüb.




Son xəbərlər
Son Xəbərlər