Bu yaxında ölkədəki əlillərin problemlərinin həllinə yönəlik ardıcıl tədbirlər keçirilib. Həmin tədbirlər yaxın beş il ərzində əlliliyi olan insanların problemlərinin aradan götürülməsini vəd edir. Heç kimin gələcəkdə əlil olmamaq kimi zəmanəti yoxdur. Odur ki, ətrafımızda yaşayan sağlamlıq imkanları məhdud insanlara laqeyd olmayaq.
“Qafqazinfo” fəal QHT təşkilatlarından olan “Müstəqil Həyat“ İnkişaf və Dəstək Mərkəzinin rəhbəri Aydın Xəlilovla müsahibəni təqdim edir.
“Əlillərə tibbi yanaşmadan çox sosial yanaşma lazımdır”
“Azərbaycanda əlil insanların problemlərindən danışanda daha çox onların müalicəsi, reablitasiyası kimi məsələlər önə çəkilir. Əslində tibbi yanaşmanın birinciliyi məsələsinin vaxtı keçib. Çünki tibbi yanaşmaya görə, əlil insanlar xəstə insanlardır. Belə insanın həmişə müalicəyə ehtiyacı var, o oxuya bilməz, ali təhsil ala bilməz, işləyə və ailə qura bilməz. Bu isə təmamilə yanlış düşüncə tərzidir. Dünyanın qabaqcıl ölkələrində əlil insanların həyat tərzi normal insanınkındən bir elə fərqlənmir. Çünki əlillərə sosial yanaşma var, onların yaşaması üçün infrastrukturdan tutmuş bütün sahələrdə şəraət yaradılıb. Sosial yanaşma deyir ki, insan qeyri-müyəssər mühitə düşdükdə özünü əlil kimi hiss edir. Deməli, insanları ətraf əlil vəziyyətinə salır. Bu gün əlil arabasında olan insanların küçədə hərəkəti üçün panduslar belə yoxdur. Əlil insanlar ictimai nəqliyyatdan istifadə edə bilmir. Əlil gənclər ali təhsil almaq istəsə belə bunun üçün şəraət yoxdur.”
“Mərkəzimiz əlil gənlərin işlə təmin olunmasına nail olub”
“Mərkəzimiz 2004-cü ildən fəaliyyətə başlayıb. Bir çox layihələrin həyata keçməsinə nail olmuşuq. Uzunmüdətli səylərdən sonra Mərkəzimiz əlil gənclərin işə cəlb olunması üçün tədbirlər görə bilib. Belə ki, bu işdə Accessbank, PricewaterHouse, NarMobile kimi şirkətlər bizə yardım ediblər. Bu şirkətlərdə gənclərimiz əsasən kuryer xidməti göstərə bilir. Çünki çoxunun ali təhsili yoxdur. Bakcell və Azercell şirkətləri bizim gənclərə işədüzəlmə sayəsində pulsuz təlimlər keçiblər. Eləcə də fərdi sahibkarlarımız da var. Çox istərdik ki, bizə yardıma yerli biznes qurumları da qoşulsun. Etmək istədiyimizin bir məqsədi var, əlil insanların kimsədən asılı vəziyyətdə yaşaması fikrini darmadağın etmək, onlara müstəqil həyat qurmaqdır”.
“Dövlətin hesabatı ilə bizim hesabatlar çox fərqlidir”
“Bu yaxında Cenevrədə BMT-nın toplantısında olduq. Tədbirdə Azərbaycanı başda Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümov olmaqla böyük nümayəndə heyyətimiz iştirak edirdi. Dövlət tərəfindən hesabatımız təqdim olundu. Bu hesabat əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyaya qoşulan ölkələr tərəfindən təqdim olunurdu. Bundan əlavə, biz qht-lərə hesabatın alternativ variantının hazırlanması tapşırılmışdı. Onu da deyim ki, alternativ hesabat dövlətimizin təqdim etdiyi hesabatdan çox fərqlənir. Hələ də bəzi öhdəliklər yerinə yetirilməyib. Buna baxmayaraq, yaxın dörd il üçün Azərbaycana həllini tapmalı olan məsələlər baradə töhvələr verilib. Yəqin ki, yaxın vaxtlarda bu məsələlər yoluna qoyular. Çünki Azərbaycan 4 ildən sonra növbəti hesabatını verməli olacaq”.
“Tvininq layihəsi” 2014-2016-ci illəri əhatə edir. Çox şey gözləyirik..”
“Bir neçə gün əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi böyük bir layihənin həyata keçirilməsini öz üzərinə götürdü. Əlillərin tibbi –sosial reablitasiyası sahəsində Fransa və Almaniya təcrübəsindən bəhrələnəcək layihədə fəal QHT-lər də iştirak edəcək. Bu sosial sifarişlər əsasında yerinə yetiriləcək. Biz də elan olunan tenderdə iştirak edirik. Bu günə qədər saysız layihələri uğurla həyata keçirdiyimiz üçün buna haqqımız var. Sonuncu ən maraqlı layihəmiz Lənkəran və Yardımlıda Günərzi Mərkəzlərinin yaradılması idi. Orada çətin həyat şəraəti olan uşaqlar, kimsəsiz, əlil uşaqlara sosial və psixoloji yardımlar göstərilib. Bu gün də onlar bizim yolumuzu gözləyirlər.”
“Əsas xeyirxahlıq dərsləridir ki, bunu da dayandırmışıq”
“İnklüziv təhsil əlillərin də digərləri kimi təhsilini təmin edir. Onların cəmiyyətdən kənarda qalmasına mane olur. Hazırda bu layihələr dondurulub. Dövlətin götürdüyü öhdəliklər arasında bu da var, əsas prioritetlərdən biridir. Hələ ki, hər hansı xəbərləri eşitmirik. Bu barədə Dövlət Proqramı belə qəbul olunmayıb. Sağlamlıq imkanları məhdud uşaqların da təhsil alması, öz yaşıdları ilə eyni cəmiyyətdə olması vacibdir. İnküziv təhsil layihələrini işləyəndə bizim “xeyirxahlıq dərsləri” adlı təlimlərimiz vardı. Bu məktəblərin bir neçəsində keçirilirdi. Məqsəd uşaqlarımıza mərhəmət hissini aşılamaq, əlilliyi olan insanlara doğru yanaşmağı öyrətməkdi”.
Raminə Eyvazqızı