Nazir Sessera və Bauerlə görüşdü

nazir-sessera-ve-bauerle-gorusdu
Oxunma sayı: 1121

"Ölkəmiz üçün mühüm beynəlxalq humanitar tərəfdaş olan Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ilə sosial müdafiə, məşğulluq, reabilitasiya sahələrində müsbət əməkdaşlıq təcrübəsi formalaşıb. Bu təcrübə həmin sahələrdə, o cümlədən cəbhəyanı ərazilərdə sosial dəstək məqsədli, eləcə də məşğulluğun artırılmasına yönələn birgə layihələrin davam etdirilməsinə əsas yaradır".

"Qafqazinfo" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev BQXK-nın Azərbaycan Nümayəndəliyinin sabiq rəhbəri Elena Sessera və Nümayəndəliyin yeni rəhbəri Arian Bauer ilə videoformatda görüşü zamanı bildirib.

O, Prezident İlham Əliyevin siyasətinin başlıca istiqamətinin vətəndaş rifahının təminatı olduğunu vurğulayıb. Bu siyasətin təzahürü olaraq xüsusilə pandemiya dövründə həyata keçirilən geniş miqyaslı sosial dəstək tədbirlərindən bəhs edib. Ölkəmizdə son illərdə məşğulluq və sosial müdafiə sahəsində aparılan islahatları, sosial sahədə əldə edilmiş innovativ nailiyyətləri diqqətə çatdırıb.

S.Babayev Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətini davam etdirdiyi və ardıcıl hərbi təxribatlar törətdiyi, güclü ordular sırasında olan Azərbaycan ordusunun düşmənə layiqli cavab verdiyi barədə məlumat verib. O, ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi və reabilitasiya xidmətləri ilə əhatə olunmaları, şəhid ailələrinin, müharibədə itkin düşmüş insanların ailələrinin sosial təminatı istiqamətində görülən tədbirlərdən bəhs edib. Reabilitasiya sisteminin inkişafı, yeni reabilitasiya mərkəzlərinin yaradılması sahəsində də mühüm işlərin aparıldığını deyib.

Nazir itkin düşmüş şəxslərin və mina qurbanlarının ailələri, cəbhəyanı ərazilərdə yaşayanlar, həssas qruplarla bağlı BQXK-nın humanitar fəaliyyətini, sosial əhəmiyyətli və reabilitasiya yönümlü birgə layihələri qeyd edib. S.Babayev 2019-2020-ci illərdə birgə icra olunan və ödənişli ictimai işlər proqramına dəstək olan layihənin önəmini diqqətə çatdırıb. O, bütün ölkədə olduğu kimi, cəbhəyanı ərazilərdə də sosial müdafiə və aktiv məşğulluq proqramlarının, özünüməşğulluq proqramının genişləndirilməsi işlərinin geniş vüsət aldığı barədə məlumat verib.

BQXK-nın Azərbaycan Nümayəndəliyinin sabiq rəhbəri E.Sesseranın fəaliyyətindən məmnunluğunu ifadə edən S.Babayev Nümayəndəliyin yeni rəhbəri A.Bauerə yeni vəzifəsində uğurlar arzulayıb.

E.Sessera BQXK-nın Azərbaycanla bağlı ötən dövrdə layihələrinin nazirliklə fəal əməkdaşlıq müstəvisində icra oldunuğunu deyib.

A.Bauer ölkəmizin BQXK ilə uğurlu nəticələrə yönələn əməkdaşlığının bundan sonra da davam etməsi üçün səylərini daim artıracağını vurğulayıb.

Görüşdə Komitənin ölkəmizdə həyata keçirdiyi humanitar fəaliyyətə, mina partlayışı qurbanları və mina partlayışından zərər çəkənlərin, əlilliyi olan şəxslərin, şəhid ailələrinin dəstəklə təmin edilməsi üçün aparılan işlərə dair fikir mübadiləsi aparılıb. Cəbhə xətti boyunca yaşayan əhalinin sosial müdafiə və aktiv məşğulluq proqramları, o cümlədən özünüməşğulluq proqramı ilə əhatə olunması sahəsində görülən tədbirlərin vacibliyi qeyd edilib. Sosial müdafiə, məşğulluq, reabilitasiya sahələrində BQXK ilə birgə layihələrin davam etdirilməsinin məqsədəuyğun olduğu vurğulanıb.